...

Azərbaycanı I Avropa Oyunlarında bu xanım velosipedçilərimiz təmsil edəcək (FOTO)

Baku 2015 : EUROGAMES Materials 27 May 2015 13:09 (UTC +04:00)
İyunun 12-28-də keçiriləcək Bakı-2015 ilk Avropa Oyunlarının şosse velosipedi növündə kişilərlə yanaşı, 2 qadın idmançımız da iştirak edəcək. Bunlar Ülfət Nəzərli və Yelena Pavluxinadır.
Azərbaycanı I Avropa Oyunlarında bu xanım velosipedçilərimiz təmsil edəcək (FOTO)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İlkin İzzət/

İyunun 12-28-də keçiriləcək Bakı-2015 ilk Avropa Oyunlarının şosse velosipedi növündə kişilərlə yanaşı, 2 qadın idmançımız da iştirak edəcək. Bunlar Ülfət Nəzərli və Yelena Pavluxinadır.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) Trend-ə verilən məlumata görə, "Atasport" klubunun təmsilçisi Ü.Nəzərli Azərbaycan çempionatının mükafatçısıdır. 26 yaşlı idmançı I Avropa Oyunlarında iştirakı karyerasının ən önəmli yarışı kimi xarakterizə edir: "Bakı-2015 ilk Avropa Oyunlarında iştirak mənim üçün böyük şərəfdir. Məsuliyyətimi dərk edir və bu yarışa səylə hazırlaşıram. Oyunlarda uğurlu nəticə qazanmaq üçün əlimdən gələni edəcəyimə söz verirəm".

Bu ilin fevralından Sloveniyanın "Lyublyana" qadın şosse komandasının heyətində çıxış etməyə başlayan 26 yaşlı Y.Pavluxina bir neçə gün öncə Xızıda təşkil olunan Azərbaycan çempionatının qalibi olub. Apreldə Sloveniyada təşkil olunan beynəlxalq kriterium ötüşməsində də birincilik qazanan velosipedçimiz Bakıya kifayət qədər güclü velosipedçilərin gələcəyini deyir: "Rəqiblərimizin arasında Olimpiya və dünya çempionları da olacaq. Amma bu bizi qorxutmur. Hər gün Oyunların velosiped yarışlarının keçiriləcəyi marşrut boyunca məşq edirik. Düşünürəm ki, biz qələbə qazanacağıq".

Qeyd edək ki, I Avropa Oyunlarının velosiped yarışları iyunun 18-21-də keçiriləcək. Y.Pavluxina fərdi və qrup, Ü.Nəzərli isə qrup ötüşməsində mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti