...

Avropa Oyunları ilə əlaqədar Bakıda nəqliyyatla bağlı qaydalar dəyişdirilir (ƏLAVƏ OLUNUB 2) (FOTO)

Baku 2015 : EUROGAMES Materials 29 May 2015 12:02 (UTC +04:00)
Avropa Oyunları ilə əlaqədar bu gündən Bakıda nəqliyyatla bağlı qaydalar dəyişdirilir
Avropa Oyunları ilə əlaqədar Bakıda nəqliyyatla bağlı qaydalar dəyişdirilir (ƏLAVƏ OLUNUB 2) (FOTO)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İlkin İzzət /

Avropa Oyunları ilə əlaqədar bu gündən Bakıda nəqliyyatla bağlı qaydalar dəyişdirilir.

Trend xəbər verir ki, bu gün Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) Avropa Oyunları ilə bağlı nəqliyyat məlumatlarının çatdırılmasına həsr olunmuş brifinq təşkil olunub.

BEGOC-un Nəqliyyat idarəsinin nəqliyyat kommunikasiyası üzrə meneceri Afaq Hüseynli bildirib ki, Avropa Oyunları ilə bağlı nəqliyyat planı elə qurulub ki, hərəkətin əhalinin və şirkətlərin gündəlik fəaliyyətinə təsiri minimum olsun: "Oyunların əsas marşrut şəbəkəsi təşkil edilərkən isə onların əsasən şəhərdən yan keçməsi planlaşdırılıb".

O həmçinin qeyd edib ki, bu gündən etibarən " Oyunların zolağı"na digər nəqliyyat vasitələrinin girişi qadağan edilib: "Zolağa həm yol polisi, həm NİİM -in müşahidə kameraları vasitəsilə nəzarət olunur. Bu qaydanı pozanlar qanunauyğun şəkildə cərimə olunacaqlar".

A.Hüseynli qeyd edib ki, Oyunların açılış və bağlanış mərasimləri günləri, məşəlin Bakıya gətirildiyi gün, yol yarışları zamanı bəzi yollarda hərəkətə məhdudiyyət qoyulması planlaşdırılacaq: "Lakin biz çalışacağıq ki, onların əhaliyə təsiri minimum olsun və əhali bu oyunlarda iştirak edə bilsin".

O əhalini fərdi avtomobillərdən maksimim dərəcədə az istifadə etməyə və ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırıb: "Belə ki, metro hər gün saat 6-dan gecə saat 1-ə kimi, marşrut avtobusları və "ekspress" avtobuslar isə səhər saat 5-dən gecə saat 1-ə kimi fəaliyyət göstərəcək. Gələn həftədən etibarən yollardakı vəziyyət, nəqliyyatın hərəkəti və marşrutların dəyişdirilməsi barədə təsdiq edilmiş məlumatlar ictimaiyyətə operatov şəkildə çatdırılacaq. Səyahət planları quran şəxslər bu məlumatları mütləq izləyib onları nəzərə alsınlar".

x x x

BEGOC meneceri bildirib ki, yarışların keçiriləcəyi idman areanalarının ətrafında parklanmaya nəzarət zonaları yaradılacaq: "Bununla bağlı qadağalar iyunun 1-dən qüvvəyə minəcək. Bu zonalarda avtomobillərini yalnız xüsusi parklanma icazəsi olanlar, o ərazidə yaşayan sakinlər saxlaya bilərlər. Belə bir icazəsi olmayan sakinlər mütləq mənzil - kommunal idarələrinə müraciət etməlidirlər. Həmin zonada rəsmi saxlama icazəsi olmayan avtomobillər təxliyə olunacaq və onların sahibləri cərimələnəcəklər. Ümumiyyətlə, xahiş edirik ki, bu günlərdə sürücülər qeyri-qanuni parkinq etməsinlər və xoşagəlməz hallardan uzaq olmaq üçün ictimai nəqliyyatla hərəkət etsinlər".

A.Hüseynlinin sözlərinə görə, Bakıya Avropa Oyunları ilə əlaqədar uzaqdan gələnlər avtomobillərini Mərkəzi parkda ( Qış parkı) və Gənclik parkındakı duracaqlarda saxlaya bilərlər: "Onlar üçün güzəştli tarif müəyyən edilib. Bunun üçün onlar cəmi 1 AZN ödəməli olacaqlar".

O əlavə edib ki, "ekspress" avtobusların xidmətindən akkreditasiya olunmuş və bileti olanlar pulsuz istifadə edə biləcəklər: "Lakin arenalardan bilet almaq istəyənlər də şəxsiyyət vəsiqəsini göstərməklə bu avtobusların xidmətindən pulsuz istifadə edə bilərlər".

BGOC rəsmisi Oyunlar zamanı yarışlara gələn tamaşaçılara da müraciət edib: "Arenalara nəyin gətirilməsinə icazə verildiyi və verilmədiyi barədə biletin arxasında məlumat yazılır. İdman arenalarında ciddi təhlükəsizlik tədbirləri görüləcək. Buna ciddi diqqət yetirsinlər. İcazə verilməyən əşyaları özləri ilə götürməsinlər".

x x x

NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı isə deyib ki, bu gündən etibarən şəhərdə avtomobillərini qeyri-qanuni parkinq edənlərin sərt şəkildə, heç bir güzəşt edilmədən cərimələnməsinə başlanılıb: "Bu gündən qeyri-qanuni parkinq edənlər ciddi cəzalanacaqlar. Artıq bu işə başlanılıb. Bu məsələdə heç kimə güzəşt edilməyəcək".

Onun sözlərinə görə, Oyunlar zamanı yollarda hər hansı problem yaranarsa, onlar dərhal aradan qaldırılacaq: "Bütün aidiyyatlı qurumların nümayəndələri hadisələri buradakı monitorlardan izləyirlər. Əgər Oyunlar zamanı hər hansı qəza baş verərsə, onların dərhal aradan qaldırılması üçün təbirlər görüləcək".

Ş.Mehmanqızı həmçinin qeyd edib ki, Oyunlarla bağlı ərazidən asılı olaraq bəzi avtobusların hərəkət marşrutu dəyişdiriləcək, onlara alternativ yollar təklif ediləcək. Bütün bunlar barədə ictimaiyyətə operatov və ətraflı məlumat veriləcək :"Bu məlumatları NİİM-in facebook və twitter səhifələrindən, internet saytından, Avto FM radiosundan, dayanacaqlardakı və yollardakı məlumat-informasiya tablolarından əldə edə bilərlər. Mobil telefonu olanlar Baku İTS proqramını yükləməklə onlayn qaydada xəbərdar ola bilərlər. Bundan başqa, NİİM ANS TV vasitəsilə tamaşaçıları gün ərzində 4 dəfə yollardakı vəziyyət barədə məlumatlandıracaq. Məlumatları göstərilən yollarla əldə edə bilməyənlər isə yaradılmış 141 "qaynar xətt" telefonuna zəng etməklə hara necə getməli lazım olduğu, alternativ yollar və s. barədə 24 saat ərzində ətraflı məlumat əldə edə bilərlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti