...

Türkiyədə beynəlxalq müsabiqəyə qatılan Azərbaycan müğənniləri necə qarşılandılar (FOTO)

Mədəniyyət Materials 1 İyul 2011 15:22 (UTC +04:00)
Xəbər verdiyimiz kimi 1 iyul tarixindən başlayaraq Türkiyənin Mersin şəhərinin Silifke rayonunda TÜRKSOY-un təşkilatçılığı ilə türkdilli ölkələrin "Silifke mədəniyyət həftəsi" çərçivəsində beynəlxalq pop-musiqi müsabiqəsi keçiriləcək. Trend-in Silifke rayonuna ezam olunmuş reportyoru xəbər verir ki, Azərbaycanı təmsil edən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nümayəndə heyəti 30 iyun tarixində öncə İstanbula, oradan Adana şəhərinə, oradan da Mersinə gəldilər.
Türkiyədə beynəlxalq müsabiqəyə qatılan Azərbaycan müğənniləri necə qarşılandılar (FOTO)

Türkiyə, Mersin, 1 iyul /Trend, müxbir Ş.Cavadsoy/

Xəbər verdiyimiz kimi 1 iyul tarixindən başlayaraq Türkiyənin Mersin şəhərinin Silifke rayonunda TÜRKSOY-un təşkilatçılığı ilə türkdilli ölkələrin "Silifke mədəniyyət həftəsi" çərçivəsində beynəlxalq pop-musiqi müsabiqəsi keçiriləcək. Trend-in Silifke rayonuna ezam olunmuş reportyoru xəbər verir ki, Azərbaycanı təmsil edən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nümayəndə heyəti 30 iyun tarixində öncə İstanbula, oradan Adana şəhərinə, oradan da Mersinə gəldilər.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Samid Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti, müsabiqəyə qatılan üç iştirakçı - müğənnilər Günel Ələkbərova, Nurlan Əzizbəyli və Cəlal Abbasov olduqca səmimi şəkildə qarşılandılar.

Müsabiqə Silifke Sərgi Mərkəzində keçirilir. Nümayəndə heyətimiz Mersinin Dış Ticaret Müsteşarlığının Silifke eğitim və dinlenme tesisleri yönetiminin şəhərciyində yerləşdirildi. Təşkilat komitəsinin rəhbəri, Silifke bələdiyyəsinin mədəniyyət şöbəsinin müdiri Lütfi Uğur, istirahət mərkəzinin təsis müdürü Atom Çağlar və yaradıcı heyətin tərkibində çalışan Ayşe Bodur vətənimiz adından çıxış edəcək hər üç müğənniyə xüsusi diqqət ayırdılar.

Silifke bələdiyyəsi rəhbərliyinin göstərişi ilə heyət üzlvərimizin şərəfinə ziyafət təşkil olundu. İşlərinin çoxluğuna baxmayaraq, bələdiyyə rəhbəri Bayrameli Önge həyat yoldaşı Rahime Önge ilə birlikdə şam yeməyinə təşrif buyurdular. Azərbaycan-Türkiyə qardaşlığının uğurla davam etməsindən məmnunluqla danışan Bayrameli bəy nümayəndə heyətimizlə tanışlıqdan şad olduğunu vurğuladı, onların həftə boyunca edəcəkləri bütün çıxışlarında bol-bol nailiyyətlərə imza atacaqlarından əmin olduğunu bildirdi.

Səmimi ab-havada davam edən ziyafətə digər türkdilli dövlətlərin nümayəndə heyətlərinin üzvləri də qoşuldular. Krım, Başqırdıstan, Tatarıstan vilayətlərinin, eləcə də Qazaxıstan və Qırğızıstan dövlətlərinin təmsilçiləri Azərbaycandan gələn rəqibləri ilə ünsiyyət yaradıb həm öz musiqilərinin zənginliklərindən danışdılar, həm də Azərbaycandan qatılan pop ifaçılarına digər iştirakçılardan layiqincə seçilmələrini arzuladılar.

Heyətimizdə əsl ulduz kaprizləri ilə diqqət çəkən yeganə xanım müğənni Günel Ələkbərova təşkilatçılar qarşısında bir neçə şərt qoydu. Bir neçə saat davam edən ziyafət zamanı da elə ən çox diqqət göstərilən sənətçi Günel oldu. Ona ilk mükafatı kimi gül çələngi hədiyyə edildi. Türk dillində danışmaq kompleksi yaşamayan Nurlan və Cəlal da masa arxasında əyləşən qonaqların incəsənətimizlə bağlı suallarını böyük həvəslə cavablandırdılar.

Bakı vaxtı ilə gecə saatlarında hazırladığım reportajın sonunda anons etmək yerinə düşər ki, 1 iyulda türkdilli dövlətlərin nümayəndələrinin iştirakı ilə "Silifke mədəniyyət həftəsi"nin rəsmi açılışı olacaq. Paradla başlayacaq mərasimə Bakı vaxtı ilə saat 19:30-da start veriləcəyi gözlənilir. Açılışdan sonra isə tanınmış türk müğənnisi Gülben Ergen səhnəyə çıxacaq.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti