...

Müğənni Samira Ramazan hədiyyəsi hazırlayır

Mədəniyyət Materials 29 İyul 2011 19:24 (UTC +04:00)
Müsəlmanların səbrsizliklə gözlədiyi 11 ayın sultanı - müqəddəs Ramazanı ayının başlamasına sayılı günlər qalır.
Müğənni Samira Ramazan hədiyyəsi hazırlayır

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir Ş.Cavadsoy/

Müsəlmanların səbrsizliklə gözlədiyi 11 ayın sultanı - müqəddəs Ramazanı ayının başlamasına sayılı günlər qalır. Oruc tutub ibadət edəcək insanlar islam dinində fəzilət rəmzi hesab edilən bu ayın gözəlliklərindən ən yüksək şəkildə yararlanmağa çalışacaqlar. İbadət əhli olan populyar estrada müğənnisi Samira Allahverdi də Ramazan ayının gəlişini səbirsizliklə gözləyən müsəlmanlardandır. Müğənninin meneceri Cabir Bədirxanlının Trend-ə verdiyi məlumata görə, Samira Ramazan ayı boyunca televiziya kanallarında dini mahnılarından birinə çəkilmiş klip nümayiş etdirmək qərarına gəlib.

"Məhəmməd Peyğəmbərə (s.ə.s) həsr olunmuş "Həzrəti Məhəmməd" mahnısının sözləri Sevinc Şirinə, musiqisi Cəmilə aiddir. Əslində Samira çoxdan arzulayırdı ki, sözügedən mahnıya ekran həyatı versin. Klip çəkdirmək təklifi həmkarı Roza Zərgəlidən gəldi. Məlum olduğu kimi Roza ixtisasca rejissordur. Qeyd edim ki, İctimai Televiziyanın rejissor dostlarımız da Bakının Masazır qəsəbəsində, açıq havada baş tutacaq çəkilişdə iştirak edib, Rozaya dəstək olacaqlar", - Bədirxanlı dedi.

Klipin Samiraya hədiyyə edildiyini vurğulayan menecer, çəkilişin iyulun son günü olacağını da bildirdi. "Ümidvarıq ki, çəkilişlər uğurla aparılacaq və vizual məhsul qısa zamanda montaj edilərək yaxın günlərdə tamaşaçıların ixtiyarına veriləcək", - Bədirxanlı əlavə etdi.

Xəbər lenti

Xəbər lenti