...

Bakı Bələdiyyə Teatrı Kiyevdə "Əli Və Nino" tamaşasını nümayiş etdirib (FOTO)

Mədəniyyət Materials 1 İyun 2012 13:36 (UTC +04:00)
Bakı Bələdiyyə Teatrı Kiyevdə "Əli Və Nino" tamaşasını nümayiş etdirib
Bakı Bələdiyyə Teatrı Kiyevdə "Əli Və Nino" tamaşasını nümayiş etdirib (FOTO)

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və Akkord şirkətlər qrupunun dəstəyi ilə Kiyev Gənclər teatrında xalq artisti, professor Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrı Qurban Səidin "Əli və Nino" romanı əsasında səhnələşdirdiyi eyni adlı tamaşasını Ukrayna teatrseverlərinə təqdim edib. Bu barədə Trend-ə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən məlumat verilib.

Ukraynanın Xerson şəhərində keçirilən 14-cü beynəlxalq teatr festivalında "Əli və Nino" tamaşasını nümayiş etdirməklə festivalın yüksək mükafatına layiq görülən Bakı Bələdiyyə Teatrının kollektivi növbəti yaradıcılıq uğurlarına Kiyev Gənclər Teatrının səhnəsində imza atdılar. Peşəkar aktyor və aktrisalarımızın böyük ustalıqla səhnələşdirdiyi tamaşada Azərbaycan Xalq Cümhuriyyəti dövründə erməni və bolşeviklərin ölkəmizə qarşı yürütdükləri işğalçılıq siyasətinə qarşı Əlinin apardığı mübarizə və onun gürcü qızı Ninoya olan məhəbbəti səhnələri ukraynalı sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Elvin Mirzəyev və İmaməddin Həsənovun ssenarisi əsasında səhnələşdirilmiş tamaşada Əlinin o dövrün haqsızlıqlarına qarşı barışmaz mövqeyi, saf və təmiz məhəbbəti naminə üzləşdiyi məşəqqətlər, demokratik Azərbaycanın süquta uğramaması naminə bolşeviklərlə mübarizə apararaq şəhid olma səhnəsi tamaşaçıların yaddaşına mübariz və qəhrəman azərbaycanlı obrazı kimi daxil olub. Bu baxlmdan ukraynalı teatrsevərlərin əsəri böyük peşəkarlıqla təqdim edən Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivini hərarətli alqışlarla qarşılaması Azərbaycan teatr mədəniyyətinin növbəti təntənəsinə çevrilib.

Xalq artisti Amalya Pənahova belə bir dəyərli səhnə əsərinin Ukrayna sənətsevərlərinə təqdim olunmasını bu il 20 illiyini qeyd etməyə hazırlaşan Bakı Bələdiyyə Teatrının növbəti uğuru kimi dəyərləndirib. Pənahova Bakı Bələdiyyə Teatrının səhnələşdirdiyi "Əli və Nino" tamaşasının Kiyev teatrsevərlərinə təqdim olunmasında yaradıcı kollektivə verdikləri dəstəyə görə Azərbaycanın Ukraynadakı səfirliyinə və AKKORD şirkətlər qrupunun rəhbərliyinə minnətdarlığını bildirib.

Onu da qeyd edək ki, Kiyev Gənclər Teatrında ilk dəfə nümayiş etdirilən "Əli və Nino" tamaşasının ssenari müəllifi və quruluşçu rejissoru Elvin Mirzəyev və İmaməddin Həsənovdur. Əsas rollarda isə Nigar Həsənzadə, Tofiq Bayramov, İlqar Musayev, Namiq Cavadov və Ramin Şıxəliyev iştirak edib.

Xəbər lenti

Xəbər lenti