...

Azərbaycan sənətçiləri Macarıstanda keçiriləcək beynəlxalq karnavalda iştirak edəcəklər

Mədəniyyət Materials 8 İyun 2012 14:07 (UTC +04:00)
İyunun 10-dan 17-nə qədər Macarıstanın paytaxtında sayca 17-ci olan ənənəvi Beynəlxalq Dunay karnavalı keçiriləcək.
Azərbaycan sənətçiləri Macarıstanda keçiriləcək beynəlxalq karnavalda iştirak edəcəklər

Azərbaycan, Bakı, 8 iyun /Trend/

İyunun 10-dan 17-nə qədər Macarıstanın paytaxtında sayca 17-ci olan ənənəvi Beynəlxalq Dunay karnavalı keçiriləcək.

Çin, Hindistan, Ukrayna, Türkiyə, Çexiya, Slovakiya, Polşa, Rumıniya və Macarıstandan 300 nəfərdən çox sənət adamı bir həftə müddətində tələbkar macar tamaşaçılar qarşısında çıxış edəcəklər.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu il Azərbaycan sənətçiləri də ilk dəfə olaraq ümumdünya miqyaslı bu musiqi və mədəniyyət bayramına qatılacaqlar.

Beynəlxalq Dunay karnavalında ölkəmizi Gəncə Filarmoniyasının "Göygöl" mahnı və rəqs ansamblı ilə Azərbaycan Dövlət Mahnı və Rəqs teatrının solistləri təmsil edəcəklər.

Karnaval günlərində tamaşaçılar teatr və mədəniyyət saraylarında, küçə və meydanlarda, rəqs meydançalarında və açıq hava teatrlarında müxtəlif ölkələrdən gəlmiş sənət adamlarının ifasında folklor musiqisini, klassik, müasir və simfonik musiqini dinləmək imkanı qazanacaq, rəqs qruplarının ifasında milli və ekzotik rəqslərə, folklor oyunlarına tamaşa edəcəklər. Karnaval günlərində eyni zamanda Budapeştin mərkəzindəki məşhur tarixi körpünün adını daşıyan Ceyn Bric beynəlxalq folklor rəqsləri yarışması təşkil olunacaq, qaliblər mükafatlandırılacaq. Dunay karnavalı iyunun 17-də Margit adasındakı Açıq hava teatrında minlərlə tamaşaçının iştirak etdiyi yekun konserti ilə tamamlanacaq.

Azərbaycanlı sənətçilər də digər ölkələrdən olan həmkarları kimi yeddi gün ərzində Macarıstan paytaxtının müxtəlif tarixi yerlərində təşkil olunan bütün konsert proqramlarında çıxış edəcəklər. Ölkəmizin Macarıstandakı səfirliyinin təşəbbüsü ilə iyunun 12-də Budapeştin mərkəzindəki "Duna Palota" sarayında ayrıca "Azərbaycan gecəsi" keçiriləcək. Diplomatik korpus təmsilçiləri və Budapeşt ictimaiyyətinin nümayəndələrindən ibarət bir neçə yüz tamaşaçının karnaval çərçivəsində Azərbaycan oyun havaları və rəqsləri ilə daha yaxından tanış olmalarına imkan yaradılacaqdır.

Xəbər lenti

Xəbər lenti