...

"YARAT!" təşkilatı Hüseyn Haqverdinin "Zamanı aşaraq" layihəsini təqdim edib (FOTO)

Mədəniyyət Materials 22 İyun 2012 19:50 (UTC +04:00)
Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakıda Park Bulvar-ın yaxınlığında rəssam Hüseyn Haqverdinin "Zamanı aşaraq" layihəsinin təqdimatı olub.
"YARAT!" təşkilatı Hüseyn Haqverdinin "Zamanı aşaraq" layihəsini təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir V.İmanov/

Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakıda Park Bulvar-ın yaxınlığında rəssam Hüseyn Haqverdinin "Zamanı aşaraq" layihəsinin təqdimatı olub.

Trend-in məlumatına görə, "012 Baku Public Art Festival" çərçivəsində təşkil olunan tədbirdə Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, "ÜNS Yaradıcılıq Səhnəsi"nin bədii rəhbəri, professor Nərgiz Paşayeva, tanınmış rəssam Altay Sadıqzadə və digər tanınmış rəssamlar və ictimai xadimlər iştirak ediblər.

Hüseyn Haqverdinin "Zamanı aşaraq" plastik kompozisiyası kalliqrafiya ilə assosiasiya edilən mücərrəd formalardan ibarətdir. Şərq, xüsusilə də müsəlman incəsənət ənənəsi Qərbi Avropa ənənəsindən özünün eyhama, metaforaya meyilliliyi ilə fərqlənir. Piktoqrafik surətlərə dair ənənəvi islam qadağası sanki yerli ustaların sərhədsiz fantaziyasını başqa məcraya, ornamental kalliqrafik yazıya yönəltdi və orada söz müəyyən mənanın daşıyıcısı deyil, həm də özünəməxsus bədii surət idi. Məhz buna görə də bu ənənədə "söz surətləri" adlanan şəkillərin təsvirinə həmişə xüsusi diqqət yetirilirdi. Sözlərin təsviri isə elə kalliqrafıyadır, onun kökləri isə, öz növbəsində, qədim yazı sistemlərinə qədər gedib çıxır: runalar, piktoqrafiya, heroqliflər. Kalliqrafiyada mətn, sözlər təkcə semantik yük deyil, həm də təmiz vizual yük daşımaqla, söz və insan şüuraltısı, yəni vizual surət vasitəsilə şüura təşir göstərir.

Lakin bu heykəltəraşlıq kompozisiyasında müəllif tamaşaçını kvazimətn strukturları məkanına daxil edir. Yəni tamaşaçı bu "hərf", "kalliqrafiya" kütlələrini ikiölçülü müstəvidə deyil, məkanda qavrayır və beləliklə, məlum olmayan və ya yalnız rəssama məlum olan dildə bildirilən hansısa sirli xəbərin bir hissəsinə çevrilir.

İslam kalliqrafiyanın inkişafına təkan verdi. Azərbaycan kalliqrafiya incəsənəti, xüsusilə də Təbriz məktəbi 13-14-cü əsrlərdə çiçəklənmə dövrünü yaşadı. Həmin dövrdə Təbrizdə bədii kalliqrafiya məktəbi yarandı. Azərbaycanlı xəttatlar Mahmud Sərraf, Seyid Heydər, Sadəddin, Cəfər Təbrizi, Mir Əli Təbrizi və s. Şərqdə yeni bədii və kalliqrafik üslublar yaratdılar. Mir Əli Təbrizi "nəstəliq" kalliqrafiya üslubunun əsas banilərindən biri idi və bir çox elmi və bədii kitablar həmin üslubda yazılmışdı. Məhəmməd Seyrafinin "Ədəb əl-Xət" ("Xəttatlıq sənəti") adlı elmi əsəri xüsusi əhəmiyyət kəsb edirdi. Digər görkəmli azərbaycanlı kalliqraf Şah Mahmud Nişapuri idi (Təhmasibin dövründə).

Dərin kalliqrafiya ənənələri yerli memarlığa da özünəməxsus iz qoydu və bunu, misal üçün, Bakı-Abşeron daş emalı məktəbinin memarlıq bəzəyinin qəliz divar naxışlarında müşahidə etmək olar. Bu günə qədər köhnə Bakının yaşayış və ibadət tikililərinin fasadlarını bəzəyən çox nəfis divar naxışları sanki öz dövrünə qəribə himn - daşda həkk olunan himn oxuyur!

2011-ci ildə Aida Mahmudova tərəfindən yaradılan "YARAT!" qeyri-kommersiya təşkilatı Azərbaycanın müasir incəsənətinin həm ölkəmizdə, həm də xaricdə peşəkar surətdə irəli çəkilməsi və inkişafı ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti