...

"Mahmud və Məryəm" filminin Azərbaycanda çəkilişləri başa çatdı

Mədəniyyət Materials 3 Avqust 2012 15:35 (UTC +04:00)
Xalq yazıçısı Elçinin "Mahmud və Məryəm" romanı əsasında ekranlaşdırılan eyniadlı filmin Azərbaycandakı çəkilişləri 11 gün ərzində Şəki, Qax, Qəbələ və Bakıda aparılmaqla başa çatdırılıb.
"Mahmud və Məryəm" filminin Azərbaycanda çəkilişləri başa çatdı

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Xalq yazıçısı Elçinin "Mahmud və Məryəm" romanı əsasında ekranlaşdırılan eyniadlı filmin Azərbaycandakı çəkilişləri 11 gün ərzində Şəki, Qax, Qəbələ və Bakıda aparılmaqla başa çatdırılıb. Bundan sonra filmin əsas hissələri Türkiyədə lentə alınacaq.

Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Azərbaycanın "Salnamə" studiyası və Türkiyənin "24 Kare Film" şirkəti tərəfindən birgə istehsal olununan "Mahmud və Məryəm" tammetrajlı filminin prodüseri Sevda Kayğısız, quruluşçu rejissoru Mehmet Ada Öztekindir.

Çəkilişlərdən əvvəl aktyorlar 3 ay ərzində döyüş səhnələri üçün təlim keçiblər. Ekran əsərində Mahmud rolunu Aras Bulut, Məryəm rolunu qazaxıstanlı Eva Dedova canlandırırlar. Eyni zamanda, filmdə bir çox tanınmış aktyorlar da rol alıblar. Xristian qızını sevən Mahmudun atası Ziyad xan obrazını xalq artisti Fəxrəddin Manafov, anası Qəmərbanunu Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova ifa edirlər.

"Mahmud və Məryəm"in çəkilişləri Türkiyədə dekorasiyalar qurulan 8 min kvadratmetrlik böyük bir yaylaqda aparılacaq. Filmdə bir çox vizual effektlərdən istifadə olunduğu üçün montaj prosesi 3 ay davam edəcək.

Azərbaycan dili ilə yanaşı, müxtəlif dillərə dublyaj olunması nəzərdə tutulan 120 dəqiqəlik "Mahmud və Məryəm" filmi gələn ildən etibarən Azərbaycan, Türkiyə, Rusiya və 9 Avropa ölkəsinin kinoteatrlarında, daha sonra isə televiziyada nümayiş olunacaq.

Xəbər lenti

Xəbər lenti