Azərbaycan, Bakı, 17 avqust /Trend/
Bu gün anadan olmasının 70 illiyi münasibətilə görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin məzarını onun sənətini sevən insanlar, ictimai xadimlər ziyarət ediblər.
Trend-in məlumatıma görə, 1942-ci il avqustun 17-də anadan olan Maqomayev Azərbaycan musiqisində Avropa stilində ilk operanın müəllifi ("Nərgiz", 1935), Azərbaycanın əməkdar incəsənət xadimi (1936) olub.
İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edən Maqomayev 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan Mədəniyyəti Günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.
Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da qeyri-adidir. 1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərində Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı.
Bakıda tayı-bərabəri olmayan bu bariton səsi eşidən hər kəs istər-istəməz ona diqqət kəsilir, bu səsin sehrindən çıxa bilmirdi. Artıq 15-16 yaşında tanınırdı, öz pərəstişkarları vardı. Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmişdi. Məşhur dirijor və bəstəkar Niyazi onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı.
O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır.
Maqomayev 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb.
İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilib, SSRİ-nin xalq artisti adını alıb.
Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.