...

Azərbaycanın klassik şairinin yeni şeirləri tapılıb

Mədəniyyət Materials 27 Avqust 2012 14:21 (UTC +04:00)
Azərbaycanın XV-XVI əsrdə yaşamış görkəmli şairi Kişvərinin "Divan"ının Bursa nüsxəsinin digər nüsxələri ilə ilkin fərqli cəhətləri müəyyənləşdirilib.
Azərbaycanın klassik şairinin yeni şeirləri tapılıb

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın XV-XVI əsrdə yaşamış görkəmli şairi Kişvərinin "Divan"ının Bursa nüsxəsinin digər nüsxələri ilə ilkin fərqli cəhətləri müəyyənləşdirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimov bazar ertəsi Trend-ə deyib ki, indiyədək bu əsərin Səmərqənd, Daşkənd, Bakı və Tehran nüsxələri olub. Bu nüsxələrin həcmi o qədər də böyük deyil. Amma yeni tapılmış nüsxə həcmcə digərlərindən xeyli böyük olmaqla yanaşı, onda digər nüsxələrdə olmayan yeni şeirlər də var.

"Bu divan çox maraqlı cəhətləri ilə diqqətimizi cəlb edib. Kişvəri burada əvvəlki "Divan"larda adını çəkmədiyi tarixi şəxsiyyətlərin adını çəkir. Əlvənd Mirzə adlı Ağqoyunlu hökmdarının adını çəkir. Ağqoyunlu hökmdarının Məhəmməd adlı oğlunun adını çəkir, onun səxavətini tərifləyir. Ən maraqlısı odur ki, burada onun Şah İsmayıl Xətaiyə həsr etdiyi irihəcmli bir şeiri də var. Şeir çox maraqlıdır. Burada Şah İsmayılın həm ədəbiyyata qayğısını, həm ölkədə yaratdığı sabitliyi, həm də onun qəhrəmanlığı, cahangirliyi, böyük dövlət yaratması haqqında yazır", - tədqiqatçı əlavə edib.

O qeyd edib ki, divanın bəzi səhifələri orta əsrlərdə onu bərpa etmək istəyən bərpaçılar tərəfindən məhv edilib. Buna görə də səhifənin kənarındakı bəzi şeirlər oxunmur.

Kərimovun sözlərinə görə, hazırda Kişvəri haqqında məlumatlar çox azdır. Bu "Divan" tədqiq olunduqdan sonra isə Kişvəri haqqında daha ətraflı söz demək mümkün olacaq, elm üçün maraqlı məlumatların əldə edilməsinə kömək edəcək.

Xəbər lenti

Xəbər lenti