...

Pekində Nizami Gəncəvinin büstü ucaldılıb

Mədəniyyət Materials 7 Dekabr 2012 16:51 (UTC +04:00)
Çin Xalq Respublikasının paytaxtı Pekinin Çaoyan parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstü qoyulub.
Pekində Nizami Gəncəvinin büstü ucaldılıb

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Çin Xalq Respublikasının paytaxtı Pekinin Çaoyan parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstü qoyulub.

Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, bununla bağlı Azərbaycanın Pekindəki səfirliyinin təşkil etdiyi mərasimdə Çin Xarici İşlər, Mədəniyyət nazirliklərinin rəsmiləri, Türkiyə, Özbəkistan, Gürcüstan, Tacikistan, Bosniya və Herseqovina, Əlcəzair və Əfqanıstanın Pekindəki səfirləri, şəhər rəhbərliyinin nümayəndələri iştirak ediblər.

Şərq poeziyasının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 870 illik yubileyinin Çində də keçirilməsi istiqamətində Azərbaycan səfirliyinin apardığı işin nəticəsi olaraq Pekindəki Çaoyan parkında şairin büstünün qoyulması barədə razılıq əldə olunub. Büstün qoyulması üçün Çaoyan parkının seçilməsi təsadüfü deyil. Parkda müxtəlif xalqların dahi şəxsiyyətlərinin, o cümlədən Fernand Magellanın, Simon Bolivarın, Taras Şevçenkonun, Mahatma Qandinin, Hristo Botevin və başqalarının büstləri var. Sahəsi 288 hektar olan park pekinlilərin, eləcə də turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir.

Dahi Nizami Gəncəvinin büstünün müəllifi Çaoyan parkının nəzdində fəaliyyət göstərən Cintay İncəsənət Mərkəzinin direktoru, professor Yüen Sikundur.

Cintay İncəsənət Muzeyində davam etdirilən tədbirdə çıxış edən Azərbaycanın Pekindəki səfiri Lətif Qəndilov, Çin XİN-in məsul əməkdaşı Su Fanqçyu və digər çıxış edənlər dahi Nizaminin Pekin şəhərində büstünün qoyulmasının xalqlarımız arasında tarixən mövcud olan mədəni əlaqələrdə əhəmiyyətli bir hadisə olduğunu vurğulayıblar. Qeyd olunub ki, Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirib.

Sonra çinli məktəblilər Nizami Gəncəvinin əsərlərindən parçaları çin dilində səsləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti