...

"Yay" qalereyasında "Özünümüşahidə" video art sərgisi keçiriləcək

Mədəniyyət Materials 9 Aprel 2013 10:28 (UTC +04:00)
Aprelin 11-dən 23-dək "Yay" qalereyasında "Özünümüşahidə" layihəsi çərçivəsində Villiam Kobbinqin, Şaarbek Amankulun və Zamir Süleymanovun əsərləri təqdim olunacaq. Layihə Yarat! Müasir İncəsənət Məkanının və gənc müstəqil kurator Suad Qarayev tərəfindən düşünülüb və reallaşdırılıb. Bu barədə Trend Life xəbər verir.
"Yay"  qalereyasında  "Özünümüşahidə" video art sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 9 aprel / Trend Life, müxbir C.Babayeva /

Aprelin 11-dən 23-dək "Yay" qalereyasında "Özünümüşahidə" layihəsi çərçivəsində Villiam Kobbinqin, Şaarbek Amankulun və Zamir Süleymanovun əsərləri təqdim olunacaq. Layihə Yarat! Müasir İncəsənət Məkanının və gənc müstəqil kurator Suad Qarayev tərəfindən düşünülüb və reallaşdırılıb. Bu barədə Trend Life xəbər verir.

İnsanın özünü dərk etmə axtarışına çıxması qədim zamanlardan bəri müşahidə olunur. Vücudun fiziki və əqli həddlərini aşmaqdan vaqe olan tərəqqi inqilabi ixtiralara və insan qabiliyyətlərinin gücləndirilməsinə səbəb olur. Lakin indiyədək müasir cəmiyyətdə insan canının tədqiq olunması, müəyyən mənada, yasaqdır. Vücud və beyinlə yanaşı üçüncü tərəfdaş mövcuddur- bu ötəri və sezilməyən anlayış fövqəltəbii bir səltənətdə yaşayır, elm və texnologiya dünyasının biçarəsidir. Bununla belə, son iki onillikdə müşahidə olunan texnoloji tərəqqi sayəsində insanın daxili aləmi ilə bağlı suallar yenə də gündəmdədir, çünki psixosomatik impulslar qeyri-müəyyənlik örtüyü ilə gizlədilən, nadir və təbiət qanunlarına tabe olmayan məkanın olmasına dəlalət edir.

"Özünümüşahidə" sərgisində üç rəssamın əsərləri təqdim olunur; rəssamların hamısı insanın daxili aləmi mövzusuna toxunur və tamaşaçıların təməl, qədimdən gələn və əhəmiyyətli məqamlarla bağlı anlayışlarını sorğu-sual edir. Bu sərgidə təmsil olunan rəssamlar əsasən əbədilik konsepsiyasını mütərəqqi texnologiyalar dili ilə ifadə edən video-art sənətindən istifadə edir.

Böyük Britaniyada doğulub böyüyən Villiam Kobbinqin yaratdığı əsərlər daxili aləm, onun zədələri və təxəyyülləri məsələləri ilə bağlı müasir qərb anlayışının təməlini formalaşdıran Ziqmund Freydin psixotəhlil təqdiqatlarından tərənnümə gəlib. Onun 2004-cü ildə yaratdığı "Öpüş" əsərində məhəbbətin sonsuz izharı ilə bir birinə qovuşmuş kişi və qadın təsvir olunub. Onların başlarını palçıq kürələri ilə əvəz edən Kobbinq, bu insanların fərdiyyətini formalaşdıran bütün dolayı əlamətlərini silir, bununla da, o, bu addıma ümümdünya əhəmiyyəti əta edir və personajları "id" (altşüurla), qeyri-iradi duyğuların və diləklərin təməl meyli ilə məhdudlaşdırır. 2004-cü ildə yaradılmış "Qazıyıb Çıxartma" adlı digər bir əsərdə tənha bir insan fiquru müəllifin çirkli başının üstünü kəsir və bu da, onun canına məxsus məknun layların aşkar olunmasının məzəli cəhdidir. "Qazıyıb Çıxartma" əsərində bərkimiş, fəqət "Öpüş" -ün ifadə etdiyi ehtirasda incə və plastik torpaq quruluşu, yerin altında gizlədilən insan mahiyyətini xatırladır, bununla da, o, Kobbinqin cəhdlərinə əlavə dolaşıqlıq bəxş edir.

Qırğız rəssamı Şaarbek Amankul qədim tarixi Şərq fəlsəfəsi və adət-ənənələrindən bəhrələnmiş doğma qırğız torpağında yeni, post-Sovet ruhaniyyətini tədqiq edir. Öncədən, demək olar ki, tamamilə məhv edilmiş, lakin ölkənin siyasi müstəqilliyini əldə etdikdən sonra dirçələn, insanlara xas olan ruhaniyyətə qayıdış arzusu 2007-ci ildə çəkilmiş "Şam" video çarxında təsvir olunub. Həmin video çarxda Qırğızstanın ucqar bölgələrində yenicə formalaşmış sektaların şaman ayinləri sənədli film şəklində göstərilir. Dini mərasimləri və bu mərasimlərdə iştirak edən insanları lentə çəkərək, Amankul daxili və xarici aləmlər arasında səddin yayılmasını və, beləliklə, şamanların cuşa gəlmə məqamını əbədiləşdirir. 2007-ci ildə çəkilmiş "Zindan" əsərində, zindanda müqavimət rəqsini oynayan iki çılpaq qadın fiquru təsvir olunub. Surrealistik araşdırmalara və istəklərə izzət rəmzi olan bu film, insanın daxilində bağlı olan, fəqət qeyd olunmağa, qaydaya salınmağa və reallaşdırılmağa can atan, əsirlikdə izhar olunan instinktdən bəhs edir.

Nəhayət, Azərbaycan rəssamı Zamir Süleymanov və Emin Əzizbəylinin 2012-ci ildə çəkdiyi "Astar" qısametrajlı filmi gündəlik həyatın təzahürü olan fərdin daxili aləminə baxışdan bəhs edir. Filmdə Bakıda və onun ətraflarında doğulan və böyüyən gənc oğlanın gündəlik həyatı təsvir olunur. Əsərin qəhrəmanının keçirdiyi qeyri-adi təcrübəni ani kadrlarla göstərən müəllif, həm fərdi, həm də personajın öz təxəyyülü ilə bağlı, lakin bütün insanlara xas olan təəssüratlarını və əhəmiyyətsiz təcrübələrini təsvir edir. Məhdud özünümüşahidənin digər misalları kimi, belə bir gündəlik məqamlar həm fani, həm də əbədidir, həm mücərrəd, həm də realdır, həm mənzum, həm də bayağıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti