...

Bakıda "Kukla" art qalereyası açılacaq

Mədəniyyət Materials 22 Aprel 2013 19:44 (UTC +04:00)
Aprelin 23-də Bakıda Azərbaycanda və Cənubi Qafqazda ilk "Kukla" art qalereyasının açılış mərasimi keçiriləcək.
Bakıda "Kukla" art qalereyası açılacaq

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Aprelin 23-də Bakıda Azərbaycanda və Cənubi Qafqazda ilk "Kukla" art qalereyasının açılış mərasimi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün təsviri sənət növləri sırasında kukla sənəti dünya mədəni irs nümunəsi kimi geniş yayılıb. Kukla sənəti üzrə məşhur ustaların əl işləri dünyanın nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilir. Ölkəmizdə də bu sənət növünün qədim tarixi var. Tarixin müəyyən dövründə o, ayin, oyun və teatr kuklasından bədii kuklaya çevrilərək, digər sənət növləri arasında layiqli yerini tutub.

Paytaxtımızda açılan "Kukla" art qalereyasının əsas vəzifəsi Azərbaycan və xarici ölkə tamaşaçılarını kukla sənəti sahəsində çağdaş bədii proseslərlə tanış etməkdir. Bu sahədə kompleks tədbirlərə beynəlxalq və fərdi sərgilərin təşkili, ən yaxşı Avropa və yerli sənət ustalarının ekspozisiya mübadiləsi, profilli müəllif layihələrinin işlənilməsi, müsabiqə və ustad dərslərinin keçirilməsi daxildir. Bununla belə, kukla sənəti sahəsində yüksək ixtisaslı mütəxəssislərin cəlb olunması ilə beynəlxalq konfransların keçirilməsi də böyük əhəmiyyət daşıyır. Azərbaycanda sözügedən sənət növünə həsr olunmuş ilk profilli "Kukla" jurnalının dərc edilməsi də qoyulan məqsədə xidmət edəcək.

Bütün bu tədbirlər kukla sənəti üzrə ustalarımıza öz peşəkarlıqlarını artırmağa, təkmilləşdirməyə və işlərinin dünyanın ən yaxşı sərgi meydançalarında layiqincə təqdim olunmasına imkan yaradacaq. Cənubi Qafqazda ilk dəfə Bakıda fəaliyyətə başlayan "Kukla" art qalereyası, bu sənət növünün inkişafına güclü impuls olmaqla yanaşı, şəhərimizin əhalisi və qonaqları üçün sevimli ziyarət məkanına çevriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti