...

Məşhur caz ifaçısı Di Di Bricuoter Azərbaycan tamaşaçısına heyran olub

Mədəniyyət Materials 13 Fevral 2014 00:20 (UTC +04:00)
Məşhur caz ifaçısı "Grammy" və "Toni" mükafatlarının laureatı Di Di Bricuoter Azərbaycan tamaşaçısına heyran olub.
Məşhur caz ifaçısı Di Di Bricuoter Azərbaycan tamaşaçısına heyran olub

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir S.Ağayeva/

Məşhur caz ifaçısı "Grammy" və "Toni" mükafatlarının laureatı Di Di Bricuoter Azərbaycan tamaşaçısına heyran olub.

Di Di Bricuoter çərşənbə günü jurnalistlərlə təəssüratlarını bölüşüb: "Azərbaycan xalqı çox qonaqpərvər, xeyirxah xalqdır. Bakıda olduğum ilk dəqiqədən mənə diqqət və qayğı göstəriblər. Mən bugünkü tamaşaçılara heyran olmuşam".

Trend-in məlumatına görə, müasir caz vokal sənətinin ulduzlarından olan Bricuoter Bakıda öz konsert proqramında məşhur kompozisiyalarını ifa edib.

Möhtəşəm bina adlandırdığı Heydər Əliyev Mərkəzi də Bricuoterə xoş təsir edib: "Bakı çox gözəl şəhərdir. Bura ilk Avropa Oyunları zamanı yenidən gəlməyi arzulayıram. Mən buradan ən xoş təəssüratlarla gedirəm".

Qeyd edək ki, əsl adı Dennis Qarret olan müğənni-aktrisa 1950-ci ildə ABŞ-da doğulub.

Karyerasına vətənində başlasa da, Fransada şöhrət qazanıb.

Di Di Bricuoter ilk professional təcrübəni əfsanəvi Ted Cons/Mel Levis Caz Orkestrində (The Thad Jones/Mel Lewis Jazz Orchestra) keçib və ötən əsrin 70-ci illərində o, Maks Rouç (Max Roach), Sonni Rollinz (Sonny Rollins), Dekster Qordon (Dexter Gordon), Dizzi Gillepsi (Dizzy Gillespie) kimi məşhur caz ifaçıları ilə birgə çıxış edib.

Müğənni 1980-ci ildə Fransaya köçüb və bir neçə il ərzində Avropanın bütün caz fetivallarında iştirak edib, öz orkestrini yaradıb.

1998-ci ildə kumiri Ella Fitsceraldın (Ella Fitzgerald) xatirəsinə həsr etdiyi "Əziz Ella" ("Dear Ella") albomu iki "Qremmi" mükafatına layiq görülüb.

Eləcə də onun tanınmış caz ifaçısı Billi Holideyə ithaf etdiyi "Eleanora Faqan (1915-1959): Di Didən Billiyə sevgi ilə" ("Eleanora Fagan (1915-1959): To Billie With Love From Dee Dee") adlı albomu "Qremmi" alıb.

Di Di Bricuoter musiqili teatrda da fəaliyyət göstərib. O, 1975-ci ildə "Viz" ("The Wiz") musiqili tamaşasında oynadığı Qlinda roluna görə "Toni" mükafatı alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti