...

"İçərişəhərin dünya əhəmiyətli abidələri" mövzusunda konfrans keçirilib (FOTO)

Mədəniyyət Materials 17 Aprel 2014 17:19 (UTC +04:00)
Bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Memarlar İttifaqı ilə birgə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “İçərişəhərin dünya əhəmiyyətli abidələri” mövzusunda konfrans keçirib.
"İçərişəhərin dünya əhəmiyətli abidələri" mövzusunda konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Bu gün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Memarlar İttifaqı ilə birgə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş "İçərişəhərin dünya əhəmiyyətli abidələri" mövzusunda konfrans keçirib.

İdarədən Trend-ə verilən məlumata görə, konfransda bir sıra dövlət orqanlarının, qeyri-dövlət təşkilatlarının rəhbərləri və əməkdaşları, media nümayəndələri, habelə İdarənin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İdarə rəisi Samir Nuriyev bu günün önəmini vurğulayıb, son bir neçə il ərzində İcərişəhər və onun ərazisində yerləşən dünya əhəmiyyətli tarixi abidələrdə İdarə tərəfindən aparılan genişmiqyaslı işlər barədə danışıb. Qeyd olunub ki, İçərişəhərin qorunması və inkişaf etdirilməsinə böyük təkan 2003-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən "Bakı şəhərində İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamı ilə verilib. O vaxtdan burada bütün yeni tikinti işləri dayandırılıb, qədim şəhərin tarixi simasının qorunması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsinə start verilib. Milli-mədəni irsimizə göstərilən daimi diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə gördüyü çoxsaylı işlər də xüsusi olaraq vurğulanıb.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək ölkəmizdə son illər tarix-memarlıq abidələrinin qorunması istiqamətində görülmüş çoxsaylı işlərdən danışıb. Nazir maddi-mədəniyyət abidələrimizin dünyada tanıdılmasında, beynəlxalq aləmdə təbliğ olunmasında İçərişəhərin əvəzsiz rolunu da vurğulayıb.

Daha sonra Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbəy Qasımzadə və Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Aparatının rəhbəri Fərhad Vahabov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxış ediblər.

Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov "Xunsar-Günzar (Qız qalası)-Günəş Asərə həsr olunmuş ümumqafqaz fenomeni" adlı məruzəsində Qız qalasının tarixi və təyinatı barəsində son bir neçə il ərzində apardığı tədqiqatların nəticələri barədə söhbət açıb.

Bundan sonra "Atelier Erich Pummer GmbH" şirkətinin rəhbəri Erix Pummer çıxış edərək son bir neçə il ərzində Qız qalasında aparılmış genişmiqyaslı konservasiya işlərindən danışıb.

Sonda İdarənin və Memarlar İttifaqının əməkdaşları tərəfindən məruzələr edilib, iştirakçılar arasında mövzuda müzakirələr aparılıb, Memarlar İttifaqı adından fəxri diplomlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti