...

Mədəniyyət Nazirliyi kitabxanalara yeni təklif verdi

Mədəniyyət Materials 29 Aprel 2014 11:46 (UTC +04:00)
Azərbaycanda kitabxanalar kitabla təminat üçün müəlliflərə, nəşriyyatlara, maliyyə imkanı güclü olan, bu işə maraq göstərən təşkilatlara müraciət etsələr, onlardan kitab təminatı ilə bağlı dəstək ala bilərlər.
Mədəniyyət Nazirliyi kitabxanalara yeni təklif verdi

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda kitabxanalar kitabla təminat üçün müəlliflərə, nəşriyyatlara, maliyyə imkanı güclü olan, bu işə maraq göstərən təşkilatlara müraciət etsələr, onlardan kitab təminatı ilə bağlı dəstək ala bilərlər. Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli Azərbaycan Kitabxanaçılarının Ümumrespublika Konfransında cıxışı zamanı deyib.

Onun sözlərinə görə, nazirlik hər il 70-80 adda kitab nəşr edərək kitabxanalara göndərir. Ancaq bu, yetərli deyil. Kitabxanalar oxucu rəyi nəzərə alınmaqla, daha çox kitablarla təmin edilməlidir: "Etiraf edim ki, bizim kitabxanalara göndərdiyimiz kitablar ölkədə işıq üzü görən nəşrləri tam əks etdirmir. Bizim fikrimizcə, bu və ya digər baxımdan dəyərli olan bütün nəşrlər, çap materialları kitabxanalarda yer almalıdır. Bunun üçün ilk növbədə oxucu rəyi nəzərə alınmalı, kitabxanalara vəsait və sərbəstlik verilməlidir".

Nazirlik rəsmisi əlavə edib ki, dövlət tərəfindən kitabxanaların inkişafına verilən dəstək böyük olsa da, bəzən kitabxanalar bu və ya digər ərazinin başlıca məlumat, intellektual təsir mərkəzinə çevrilə bilmir. Kitabxanaların davamlı inkişafına nail olmaq üçün ictimaiyyətin gücündən istifadə edilməlidir. Kollektivlərin təşəbbüsləri yerli icra hakimiyyəti orqanları, təsisçi təşkilatlar, əhali tərəfindən dəstəklənməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti