...

Məşhur heykəltəraş Aniş Kapurun əsəri Heydər Əliyev Mərkəzində nümayiş olunur

Mədəniyyət Materials 4 May 2015 10:42 (UTC +04:00)
Böyük Britaniyada yaşayıb fəaliyyət göstərən məşhur heykəltəraş Aniş Kapurun əsəri mayın 4-dən Bakıda, Heydər Əliyev Mərkəzində sərgilənir.
Məşhur heykəltəraş Aniş Kapurun əsəri Heydər Əliyev Mərkəzində nümayiş olunur

Azərbaycan, Bakı, 4 may /Trend/

Böyük Britaniyada yaşayıb fəaliyyət göstərən məşhur heykəltəraş Aniş Kapurun əsəri mayın 4-dən Bakıda, Heydər Əliyev Mərkəzində sərgilənir.

Heydər Əliyev Mərkəzindən Trend-ə verilən məlumata görə, müəllifin 2013-cü ildə yaratdığı "Parabolik bükülmə" (Parabolic Twist) Mərkəzin daimi ekspozisiyasında yer alıb.

1954-cü ildə Hindistanda doğulan A.Kapur 1972-ci ildə Böyük Britaniyaya köçüb və 43 ildir orada fəaliyyət göstərir.

1980-ci illərdə o, "Britaniyanın yeni heykəltəraşları" qrupunun üzvü kimi tanınıb. A.Kapurun əsərləri sadəliyi, əyri xətləri və parlaq rəngləri ilə seçilir. Onun əksər əsərlərində ətrafdakıları və izləyicini özündə əks etdirən güzgü effekti var.

O, 35 metrlik "Taratantara" əsəri, Çikaqoda "Millenium" parkında nümayiş olunan 110 tonluq "Bulud qapı" (Cloud Gate) heykəltəraşlıq əsəri, Nottinqem şəhərində (B.Britaniya) və Nyu-Yorkda Rokfeller Mərkəzində təqdim edilən "Səmanın güzgüsü", Britaniya monumental incəsənətində öz izini qoyan və London Olimpiya oyunlarında ən məşhur attraksionlardan biri kimi məşhur olan 115 metrlik qüllə və s. əsərləri ilə tanınır. Kapurun əsərləri dünyanın bir sıra muzey və sərgi zallarında, o cümlədən Nyu-Yorkun Müasir İncəsənət Muzeyində, İtaliya, Fransa, Almaniya, Yaponiya, Niderland, Türkiyə və digər ölkələrdə nümayiş olunub.

A.Kapurun Heydər Əliyev Mərkəzində nümayiş olunan "Parabolik bükülmə" əsəri güzgü effekti ilə ətraf aləmi özündə cəmləşdirir. "Mənim bir çox əsərlərim izləyici nəzərə alınaraq yaradılıb və bu əsərlər onlara qarşı laqeyd deyil. İzləyici mənim əsərlərimin ayrılmaz tərkib hissəsidir", - deyə A.Kapur bildirir.

Bu əsər öz konsepsiya və fəlsəfəsi - şəffaf rəngi, insanlara yaxın olması ilə Heydər Əliyev Mərkəzi ilə həm də bir vəhdət təşkil edir.

Qeyd edək ki, "Parabolik bükülmə" əsəri 2013-cü ildə ABŞ-ın "Complex" jurnalının "Selfie üçün ən gözəl incəsənət əsərləri" siyahısında 15 incəsənət nümunəsi sırasında 6-cı yerdə qərarlaşıb. Bu siyahıda birinci yeri də A.Kapurun Çikaqoda açıq səma altında sərgilənən "Bulud qapı"əsəri tutub.

A.Kapur 1990-cı ildə Böyük Britaniyanı Venesiya Biennalesində təmsil edib. Müasir incəsənət sahəsində məşhur Törner Mükafatı (The Turner Prize) laureatı olan A.Kapur Böyük Britaniya Kral Akademiyasının üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti