...

YARAT və BEHANCE təşkilatları Portfoliolara Baxış Günü keçirib (FOTO)

Mədəniyyət Materials 16 May 2015 11:44 (UTC +04:00)
YARAT Müasir İncəsənət Məkanı və BEHANCE təşkilatı mayın 15-də Portfoliolara Baxış Günü keçirib.
YARAT və BEHANCE təşkilatları Portfoliolara Baxış Günü keçirib (FOTO)

Azərbaycan, Bakı, 16 may /Trend/

YARAT Müasir İncəsənət Məkanı və BEHANCE təşkilatı mayın 15-də Portfoliolara Baxış Günü keçirib. İki təşkilat arasında əməkdaşlığın nəticəsi olan bu tədbirin məqsədi Azərbaycanın püxtələşən istedadlarını müəyyənləşdirib onları geniş beynəlxalq auditoriyaya təqdim etmək olub. Hər iki təşkilat yaradıcı gəncləri birlikdə dəstəkləmək, həvəsləndirmək və onların potensiallarını tam üzə çıxarmaq məqsədini güdür.

YARAT-dan Trend-ə bildirilib ki, BEHANCE özünü təqdim etmək, o cümlədən məsləhət almaq və onlayn portfolio yerləşdirmək sahəsində ixtisaslaşan saytlar və xidmətlər şəbəkəsidir. O, yaradıcı fərdlərə öz əsərləri barədə məlumatı vahid bir platformada toplayıb daim yeniləşdirmək və beynəlxalq miqyasda təqdim etmək imkanı təklif edir.

BEHANCE təşkilatı dünyanın hər yerində yerləşən könüllülər təşkilatları ilə əməkdaşlıq quraraq ildə iki dəfə Portfoliolara Baxış Həftəsi keçirir. 2012-ci ildə təsis olunmuş və yaradıcı peşəkarları bir araya gətirən bu təşkilat 80-dək ölkədə təxminən 1000 tədbir keçirib. Bu tədbirlər yaradıcı şəxslərə yeni-yeni həmfikirləri ilə əlaqələr qurmağa, bununla da onların yaradıcı imkanlarını xeyli artırmağa imkan verir.

YARAT Müasir İncəsənət Məkanı belə təşəbbüsləri həmişə dəstəkləyir və bu tədbir də təşkilatın BEHANCE şəbəkəsi ilə ilk tərəfdaşlığı deyil.

Portfoliolara Baxış Günündə 11 iştirakçının - Dima Turkanın, Şəbnəm Şükürovanın, Elnur Babayevin, Eltac Zeynalovun, Şərqiyyə Rəhmanovanın, Şamil Əsgərovun, Hadi Misrixanovanın, "Chalk Studio"nun, Vüqar Naibin, Ayxan Xəlilovun və Butunay Haqverdiyevin əsərləri təqdim edilib. Təqdimatdan əlavə, tədbirdə onların sənət layihələrinin müzakirəsi də olub. Sonda isə rəssam-dizayner Fəxriyyə Məmmədova, fotoqraf Sənan Ələsgərov, rəssam və kinorejissor Teymur Daimidən ibarət peşəkar münsiflər heyəti tərəfindən qalib seçilən üç portfolio elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti