...

YARAT Samirə Əfəndiyeva ilə canlı musiqi axşamı keçirib (FOTO)

Mədəniyyət Materials 2 Dekabr 2016 16:34 (UTC +04:00)
YARAT Müasir İncəsənət Mərkəzi iki yeni sərginin açılışı ilə Musiqili axşamları silsiləsini bərpa edib
YARAT Samirə Əfəndiyeva ilə canlı musiqi axşamı keçirib    (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

YARAT Müasir İncəsənət Mərkəzi iki yeni sərginin açılışı ilə musiqili axşamları silsiləsini bərpa edib. Bu barədə Trend-ə incəsənət mərkəzindən məlumat verilib.

İstedadlı gənc müğənni Samirə Əfəndiyevanın iştirakı ilə canlı musiqi axşamı gözəl anlarla yadda qalıb və tamaşaçıların gurultulu alqış sədaları ilə müşayiət olunub. İstedadlı sənətçi qonaqlara təkcə öz mahnılarını ifa etməyib, həm də mərkəzdə təşkil edilən sərgilərlə bağlı təəssüratlarını da bölüşüb. Xatırladaq ki, bir neçə gün əvvəl məşhur azərbaycanlı rəssam Faiq Əhmədin “Nə var, odur” və kolumbiyalı rəssam Oskar Murilyonun "DIS PLACR" adlı fərdi sərgilərinin açılışı baş tutmuşdu.

Gecənin xüsusi qonağı tanınmış mügənni və bəstəkar, Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva olub. Konsert proqramında həmçinin əməkdar artist Eyyub Yaqubov və "Səs Azərbaycan" vokal telelayihəsinin iştirakçıları da çıxış edib.

Qonaqlar arasında xalq artisti Natəvan Şeyxova, Milli Geyimlər Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, mədəniyyət və incəsənət xadimləri yer alıb.

S.Əfəndiyeva “Böyük səhnə” Beynəlxalq Vokal layihəsinin və "Səs Azərbaycan” yarışmasının iştirakçısı və finalçısıdır. Samirənin musiqiyə olan sevgisi hələ uşaqlıq illərindən başlayıb və artıq 3 yaşından Oqtay Zülfüqarovun rəhbərlik etdiyi Uşaq filarmoniyasının solisti idi. K.Səfərəliyev adına musiqi məktəbini bitirdikdən sonra, Azərbaycan Milli Konservatoriya nəzdində Musiqi Kollecinə daxil olur. Həmçinin, S.Əfəndiyeva "Baku Project" qrupu ilə birgə Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin 3 illiyinə həsr olunmuş konsertdə çıxış edib və 2016-cı ildə Alanyada keçirilən jaz festivalının iştrakçısı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti