...

Heydər Əliyev Sarayı yeni mövsümdə

Mədəniyyət Materials 18 Sentyabr 2017 20:59 (UTC +04:00)
Heydər Əliyev Sarayında yeni mövsümədə hər yaş tamaşaçı zövqünə uyğun zəngin konsert proqramları hazırlanıb təqdim olunacaq.
Heydər Əliyev Sarayı yeni mövsümdə

Bakı. Trend:

Heydər Əliyev Sarayında yeni mövsümədə hər yaş tamaşaçı zövqünə uyğun zəngin konsert proqramları hazırlanıb təqdim olunacaq.

Trend-in məlumatına görə, Heydər Əliyev Sarayında yeni mövsüm sentyabrın 9-da İndoneziya mədəniyyəti festivalının açılışı ilə baş tutub. İndoneziya Mədəniyyət Festivalı çərçivəsində sərgi və mədəni tamaşa təqdim olunub. Tamaşaçılar Sarayın foyesində İndoneziyanın milli mədəniyyətini əks etdirən sərgi ilə tanış olublar. Sonra isə indoneziyalı musiqiçilərin çıxışı və professional rəqqasların ifasında bu ölkənin ənənəvi və milli rəqs nömrələri təqdim edilib.

Koreya və Azərbaycan arasında diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar sentyabrın 17-də Sarayda ənənəvi Koreya musiqisinin möhtəşəm konserti keçiriləcək.

Yeni mövsümdə Heydər Əliyev Sarayı daha bir yeni layihə təqdim edir. “Məşhurlar və övladları” adlı konsert proqramı sentyabrın 23-də baş tutacaq. İlk dəfə keçiriləcək layihədə Respublikanın Xalq artistləri Gülyaz Məmmədova, Fidan Hacıyeva, Şəfiqə Eyvazova, Zümrüd Məmmədova, Əməkdar İncəsənət xadimi Aqil Məlikov, Əməkdar artistlər Nuriyyə Hüseynova, Elza Seyidcahan, Lalə Məmmədova, Yadigar Muradov, tanınmış müğənnilər Aşıq Zülfiyyə, Rüfət Axundov, Emil Bədəlov, Elxan Qaraxanoğlu, Eldəniz Məmmədov, Kəmalə Nəsibova, Rəna Talıbova və övladları iştirak edəcəklər. Konsertdə müğənniləri Nəsib Məhərrəmovun rəhbərliyi ilə, "Şuşanın səsi" instrumental ansamblı müşaiyət edəcək. Layihənin xüsusi qonaqları qismində Xalq artisti Faiq Ağayev, Əməkdar artist Aybəniz Haşımova, Nadir Qafarzadə və Vüqar Əbdülov (meyxana) çıxış edəcəklər.

Sentyabrın 29-da Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əliağa Vahidin yaradıcılığına həsr olunmuş “Böyük Füzulimizin yadigarı mən özüməm” adlı ədəbi-bədii musiqili gecə keçiriləcək. Gecədə Respuklikanın Xalq artisti Əminə Yusifqızı, Əməkdar artistlər Bəyimxanım Vəliyeva, Babək Niftəliyev, İlkin Əhmədov, xanəndələr Elnur Zeynalov, Abgül Mirzəliyev, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Nigar Şabanova, Hüseyn Məlikov, Gülnar Qüdrətli, Məhəmməd Nəcəfov, Vəfa Vəzirova və Almaxanım Əhmədli iştirak edəcəklər. Konsertdə xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nömrələrini səsləndirəcəklər. Musiqili gecedə xanəndələri Xalq artisti Möhlət Müslümovun rəhbərliyi ilə, Azərbaycan Televiziya və Radiosunun Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblı müşaiyət edəcək.

Oktyabrın 12-də Heydər Əliyev Sarayında “Ulduzların dueti” adlı konsert proqramı keçiriləcək. Konsertdə Respublikanın Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Heydər Anatollu, Əməkdar artistlər Teymur Əmrah, Lalə Məmmədova, Almaz Orucova, Almaz Ələsgərova, Təyyar Bayramov, Zakir Əliyev, İlahə Əfəndiyeva, müğənnilər Rəşad İlyasov, Elton Hüseynəliyev, Sevda Yəhyayeva, Aynur İsgəndərli, Nicat Cəfərzadə, Nadir Qafarzadə, Günay İmamverdiyeva, Sərxan Bünyadzadə, Ayşən Mehdiyeva, Kamilə Nəbiyeva, Zabitə Alıyeva, Ayaz Qasımov, Mirələm Mirələmov, Arzu Rzayev və başqaları iştirak edəcəklər.

Oktyabrın 18-də Heydər Əliyev Sarayında dünya şöhrətli fransız müğənni Patrisiya Kaas konsert verəcək. Dünya turu çərçivəsində keçiriləcək konsertdə müğənni tamaşaçılara ən sevilən və “Patricia Kaas” albomuna daxil olan yeni musiqilərini təqdim edəcək. Bu dəfə də Bakı sakinlərini və qonaqları möhtəşəm şou proqram gözləyir.

20-21 oktyabr tarixlərində tanınmış müğənni Nuri Sərinləndiricinin “Etiraf” adlı solo konserti keçiriləcək. Oktyabrın 26-da isə tanınmış yerli caz ifaçılarının konsert proqramı keçiriləcək.

“jAzzeri Muğam Bands” caz musiqisi axşamında Əməkdar İncəsənət Xadimi Cəmil Əmirov və “Savab” caz qrupu, Əməkdar artist Mircavad Cəfərov və “Cəngi” estrada folklor qrupu, Əməkdar artist Rəşad Haşımov və “Rast” qrupu, çoxsaylı müsabiqələrin laureatları, ifaçılar Arslan Növrəsli (tar), Şəhriyar İmanov (tar), Elvin Bəşirov quartet, Nicat Aslanov quartet və Afşin Əlizadə quartet iştirak edəcəklər. Konsertdə yerli caz kompozisiyaları və dünyaca məşhur əsərlər səsləndiriləcək.

Noyabrın 9,10,11-də “Bu Şəhərdə”nin növbəti “TəkƏr” yumoristik konserti keçiriləcək.

Heydər Əliyev Sarayı yeni mövsümdə mahnıları, rəqsləri, qəhrəmanları, həyəcanverici mövzusu ilə uşaqlara və böyüklərə möhtəşəm əyləncə vəd edir.

Ankara teatrının iştirakı ilə, Keloğlan Masalları Müzikali-2 “Uzun-Huysuz Kosmosda” yeni interaktiv müzikl-tamaşa təqdim olunacaq. Türk cizgi filmindən səhnəyə uyğunlaşdırılan, musiqisi və ssenarisi peşakar qrup tərəfindən hazırlanan və yüz minlərlə tamaşaçının rəğbətini qazanan Keloğlan Masalları Müzikalinin yeni “Uzun-Huysuz Kosmosda” müzikl-tamaşası 22 oktyabrda uşaqların ixtiyarına veriləcək. Yalnız bir gün saat 12:00 və 15:00-da başlayacaq müzikl-tamaşanın biletləri 6 manatdan başlayır.

Həmçinin, “Bir ömrə bərabər məktəb illəri” adlı musiqili-əyləncəli konsert proqramı təqdim olunacaq. Uşaqların marağına səbəb olacaq konsertdə milli və müasir rəqslər, vətənpərvərlik mövzusunda mahnılar və şeirlər, muğam və aşıq ifaları, rəngarəng çıxışlar və digər sürprizlər gözlənilir.

Bundan başqa, Rusiya və Ukrayna teatrlarının iştirkı ilə, uşaqlar üçün noyabrın 12-də «Холодное сердце» (Soyuq ürəklər), dekabrın 23-də “Барбоскины или Тайна книжной полки” (Barboskinlər və ya kitabxananın sirri), dekabrın 24-də “С Новым Годом, Лунтик!” (Yeni ilin mübarək, Luntik) və dekabrın 29,30-da “Фиксики” (Fiksiklər) yeni il tamaşaları təqdim olunacaq.

Sarayın repertuar planı bununla yekunlaşmır. Yeni mövsüm ərzində bir çox dövlət tədbirlərinin, yerli və dünya ulduzlarının konsertləri planlaşdırılır.

Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz. Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti