...

Adana festivalında Cahangir Novruzova həsr olunan film nümayiş olunub (FOTO)

Mədəniyyət Materials 27 Sentyabr 2017 14:21 (UTC +04:00)
Adana festivalında Cahangir Novruzova həsr olunan film nümayiş olunub.
Adana festivalında Cahangir Novruzova həsr olunan film nümayiş olunub (FOTO)

Bakı. Trend:

Türkiyənin Adana Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə bu şəhərdə keçirilən XXIV Beynəlxalq Adana Film Festivali çərçivəsində Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədr müavini Cahangir Zeynalov haqqında "2 Dil 1 Harmoni" adlı bioqrafik sənədli filmin təqdimatı olub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Sinema İdarəsi Müdirliyinin sifarişi ilə çəkilən filmin quruluşçu rejissoru və prodüsseri əslən azərbaycanlı olan hazırda Türkiyədə yaşayan Nəcibə Abbasovadır.

Filmdə C.Novruzovun həyat və yaradıcılığından, onun ailə kökləri, babası C.Zeynalov, anası, Azərbaycanın görkəmli sənətkarı Nəsibə Zeynalova və 130 ildir Azərbaycan səhnəsində olan ailə şəcərəsindən bəhs edilir. Filmdə həm Türkiyə, həm də Azərbaycanın tanınan mədəniyyət və incəsənət xadimləri C.Novruzov barədə ürək sözlərini söyləyiblər. Sənədli filmin Rusiya, Türkiyə və Azərbaycanda nümayişi nəzərdə tutulub. Türk dilində çəkilən film ingilis dilində subtitrlərlə təqdim edilib. "2 Dil 1 Harmoni" filminin festivallara təqdim edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, sentyabrın 24-də başlayan Adana film festivalı oktyabrın 1-də başa çatacaq və hər il olduğu kimi bu il də festivalda 5 kateqoriya üzrə 30 “Altın Koza” mükafatı sahiblərinə təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti