...

“Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub (FOTO)

Mədəniyyət Materials 24 Yanvar 2018 19:20 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub.
“Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı keçirilib.

Trend-in məlumatına görə, kitab Mədəniyyət və Turizm Nazirliyinin, “Paşa Həyat Sığorta” ASC-nin və “Silk Way Group” şirkətinin dəstəyi ilə “IRS Publishing House” tərəfindən nəşr olunub.

Kitab Azərbaycanın səfalı güşələrindən biri olan Qarabağa həsr olunub.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək kitabın bugünkü tarixi əhəmiyyətindən söhbət açıb.

Nazir bildirib ki, kitabda Qarabağın şanlı tarixindən, XX əsrin 80-ci illərindən başlayaraq ermənilərin Azərbaycana torpaq iddialarından, Qarabağda yaşayan azərbaycanlılara qarşı zorakılarıqlarından və Qarabağın işğalından bəhs edilir.

Ə.Qarayev qeyd edib ki, bu silsilə layihələr 2013-cü ildən Azərbaycanın maddi və mədəni irsini, adət- ənənlərini, çoxsaylı tarixi abidələrini beynəlxalq aləmdə təbliğ etmək məqsədilə həyata keçirilir. Layihə çərçivəsində bu günədək “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Naxçıvan – Şərqin əfsanəsi”, “Məftun edən şəhər”, “Bakı simfoniyası” kitabları nəşr olunub.

Layihənin rəhbəri və baş redaktoru Musa Mərcanlı, elmi məsləhətçiləri tarix elmləri doktoru Qasım Hacıyev, tarix elmləri üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovdur. Xüsusi dizayn və zövqlə hazırlanmış bu kitab oxuculara Azərbaycan və rus dillərində təqdim edilir.

Tədbirin rejissoru əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevdir.

Daha sonra tədbir konsert proqramı ilə davam edib.

Konsertdə xalq artisti Nəzakət Teymurova, əməkdar artistlər Ehtiram Hüseynov və Firuz Səxavət, xanəndə Səbinə Ərəbli öz ifalarını təqdim ediblər.

Sonda Nəzakət Teymurova, Ehtiram Hüseynov, Firuz Səxavət, Səbinə Ərəbli “Qarabağ şikəstəsi”ni səsləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti