...

Məşhur bəstəkar və ifaçı Qoran Breqoviç Heydər Əliyev Mərkəzində çıxış edəcək

Mədəniyyət Materials 23 Fevral 2018 12:45 (UTC +04:00)
Mayın 3-də Heydər Əliyev Mərkəzində məşhur bəstəkar və ifaçı Qoran Breqoviçin konserti olacaq.
Məşhur bəstəkar və ifaçı Qoran Breqoviç Heydər Əliyev Mərkəzində çıxış edəcək

Bakı. Trend:

Mayın 3-də Heydər Əliyev Mərkəzində məşhur bəstəkar və ifaçı Qoran Breqoviçin konserti olacaq.

Mərkəzdən Trend-ə verilən məlumata görə, Q.Breqoviç Bakıdakı ilk konsertində rəhbərlik etdiyi orkestrin müşayiəti ilə məşhur filmlərə yazdığı, eləcə də dünyada populyarlıq qazanmış mahnılarını səsləndirəcək.

Gözəl müsiqilər və oynaq ritmlərlə zəngin konsertin repertuarına “Kalaşnikov”, “Bella Çao”, “Maki Maki” kimi məşhur mahnılar daxildir.

Konsertin biletləri Heydər Əliyev Mərkəzinin kassasında və rəsmi saytında (www.heydaraliyevcenter.az) satılır.

Q.Breqoviç Şərqi Avropada “Ağ düymə” (“Bijelo Dugme”) rok qrupu ilə tanınıb, dünya şöhrətini isə filmlərə yazdığı müsiqilərlə qazanıb.

O, 1970-ci illərdən müxtəlif ekran əsərlərinə musiqi bəstələyir. Bu sahədə ən uğurlu iş birliyi rejissor Emir Kusturitsa ilə alınıb. Onun “Qaraçıların zamanı” (“Time of the Gypsies”), “Arizona arzusu” (“Arizona Dream”) və 1995-ci ildə Kann festivalında mükafat almış “Yeraltı” (“Underground”) filmlərinə yazdığı musiqilər dünya şöhrəti qazanıb. Q.Breqoviçin musiqi yazdığı, fransız rejissor Patris Şeronun “Kraliça Marqo” (“La Reine Margot”) filmi də Kann festivalında iki mükafata layiq görülüb. Q.Breqoviçin ekran əsərləri üçün bəstələri Balkan və qaraçı musiqilərinin elementləri ilə zəngindir.

O, bir sıra məşhur müğənnilər – Sezen Aksu, Kaya, Kşiştof Kravçik, Yorqos Dalaras ilə albomlar yazdırıb.

Q.Breqoviçin müxtəlif musiqi mədəniyyətlərini duymaq və mənimsəmək bacarığı ona ayrı-ayrı xalqların nəğmələrini, eləcə də elektron musiqi elementlərini sintez etmək imkanı verir.

20 ildən artıq müddətdə bütün qitələrdə konsert verən musiqiçi indiyədək 3000-dən çox şou təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti