...

Nardaran Bilik Evi gəncləri ziyalılarla bir araya gətirir (FOTO)

Mədəniyyət Materials 19 İyul 2018 14:10 (UTC +04:00)
Bilik Fondunun yeni Bilik Evinin yaradılması üçün Nardaran qəsəbəsini seçməsi heç də təsadüfü deyil
Nardaran Bilik Evi gəncləri ziyalılarla bir araya gətirir (FOTO)

Bakı. Trend:

Adının mənası “Mərd insanların məskunlaşdığı məkan” olan Nardaran mədəniyyət nümunələrinin rəngarəngliyi və özünəməxsusluğu ilə fərqlənir. Azərbaycan Prezidenti yanında Bilik Fondunun yeni Bilik Evinin yaradılması üçün Nardaran qəsəbəsini seçməsi heç də təsadüfü deyil.

Nardaran əsrlər boyu dini və dünyəvi elmlərə töhfələr gətirmiş Şеyx Rəsul Ağarəbi, Şеyх Əhməd, Qasım Məlikov, Kərbəlayi Nağdəli, Molla Hacıəli, Eynulla Cəbrayılov, Hacı Molla Şeyx Tuti, Həsən Seyidbəyli, Hacı Nurbala Rəhimov kimi tanınmış elm və mədəniyyət xadimlərinin doğulub boya-başa çatdığı qədim torpaqlardandır.

Trend-in məlumatına görə, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 295 nömrəli tam orta məktəbin binasında yerləşən Nardaran Bilik Evi Azərbaycan Prezidenti yanında Bilik Fondu tərəfindən Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin təbliği, qloballaşma şəraitində cərəyan edən proseslər haqqında əhaliyə dolğun biliklərin çatdırılması, müstəqil və yaradıcı düşünə bilən vətəndaş və şəxsiyyət yetişdirmək, gənclərin peşə hazırlığını yüksəltmək, dünyagörüşlərini artırmalarına köməklik etmək, məşğulluğuna dəstək vermək məqsədi ilə 15 mart 2016-cı il tarixində yaradılıb.

Elə həmin il mart ayının 30-da Nardaran qəsəbəsi, 295 nömrəli məktəb və Quba şəhər Texniki təmayüllü lisey arasında Azərbaycan Prezidenti yanında Bilik Fondunun həyata keçirdiyi “İl boyu bilik” proqramı çərçivəsində “Qardaşlaşma haqqında” saziş imzalanıb. Layihənin əsas məqsədi müstəqil Azərbaycanın tərəqqisi, cəmiyyətimizin maariflənməsi işində yardımçı olmaq, yeniyetmə və gənclərin elmi-texniki, sosial-iqtisadi, ekoloji, humanitar biliklərə yiyələnməsinə dəstək vermək, məktəblilər arasında “bilik körpüsü”nün yaradılmasına köməklik göstərməkdir.

Növbəti uğurlu layihələrdən biri də Bilik Fondu ilə Təhsil İnstitutunun birgə layihəsi əsasında Nardaran Bilik Evində müəllimlər üçün "Təhsilverənlərin peşəkar inkişafı və icma maarifçiliyi" mövzusunda təşkil olunmuş təlim kursları oldu. Təlim müddətində tədrisin planlaşdırılması, sinifdaxili proseslərin idarə olunması, məktəbdaxili qiymətləndirmə, mənəvi dəyərlərin aşılanması mövzularında fikir mübadiləsi aparılıb.

15 sentyabr Bilik Günündə Fondun “İl boyu bilik” proqramı çərçivəsində Bakıda və Azərbaycanın müxtəlif bölgələrində “Heydər Əliyev və Azərbaycan” mövzusunda dərslər keçilib. Tanınmış ziyalılar – akademiklər, professorlar bölgələrdə, o cümlədən Nardaran qəsəbəsində məktəblilər və yerli sakinlərlə görüşüb, onlara Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində Ümummilli liderin rolu, onun banisi olduğu azərbaycançılıq ideologiyasının mahiyyəti barədə ətraflı məlumat verilib.

2016-cı il oktyabrın 1-də V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Azərbaycan həqiqətlərinin Avropada yayılmasında, tarix və mədəniyyətimizin təbliğində, xüsusilə “Kitabi-Dədə Qorqud” dastanının alman oxucularına çatdırılmasında danılmaz rolu olan Osvald fon Volkenstayn Cəmiyyətinin prezidenti, Almaniyanın Vürtsburq Universitetinin professoru Ziqlinde Hartman Nardaran Bilik Evinin qonağı olub. Z.Hartman Bilik Fondu tərəfindən keçirilən, gənclərin marağına səbəb olan çoxlu sayda layihələrin əhəmiyyətini vurğulayıb.

Nardaran məktəbliləri AMEA-nın 70 illik yubileyi ilə əlaqədar olaraq, Bilik Fondu və Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə baş tutmuş sərgidə iştirak ediblər. Şagirdlərə bölmə və institutların fəaliyyəti, AMEA-nın Azərbaycan elminin inkişafında oynadığı rol barədə geniş bilgilər verilib. Tədbirdə iştirak edən Fondun icraçı direktoru Oktay Səmədov sərginin çox maraqlı olduğunu, şagirdlərin biliklərinin artırılması, elmin gənclər arasında populyarlaşdırılması istiqamətində atılan addımlardan biri olduğunu qeyd edib. Gələcəkdə alimlərin, xüsusən gənc tədqiqatçıların Nardaran məktəbliləri ilə sıx əlaqədə olacağını, ustad dərslərinin keçirəcəyini iştirakçıların nəzərinə çatdırıb.

Bilik Fondu Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin imzaladığı 24 oktyabr 2017-ci il tarixli sərəncama uyğun olaraq, Nardaran Bilik Evində ədibin yaradıcılığına həsr olunmuş musiqili-bədii kompozisiya nümayiş etdirib. Tədbirdə Hüseyn Cavidin öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı xəzinəsini tarixi-mədəni dəyərlərlə zənginləşdirən qüdrətli söz sənətkarı olduğu vurğulanıb.

“İl boyu bilik” proqramı çərçivəsində Bilik Fondunun təşkilatçılığı, Nardaran Bilik Evinin dəstəyi ilə Nardaran qəsəbəsi 130 nömrəli tam orta məktəbdə dünya şöhrətli alim, görkəmli oftalmoloq, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunan silsilə maarifləndirici tədbir xüsusi maraq doğurub. Tədbirdə görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin ailəsində dünyaya göz açmış Zərifə Əliyevanın Ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı kimi həyatın keşməkeşli yollarında onunla birgə addımladığı, Azərbaycan Prezidenti İlham Əliyev kimi övlad böyütdüyü, elmin çətin yollarında inamla irəliləyərək uca zirvələrə yüksəldiyi, çox məsuliyyətli, nümunəvi həyat yaşadığı diqqətə çatdırılıb.

Maarifləndirici fəaliyyətinin dördüncü ilinə qədəm qoymuş Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu şəxsin fasiləsiz təhsilini, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, inkişafını təmin etmək məqsədi ilə bu günə qədər təşkil edilən “İngilis dili”, “Rus dilli”, “Kompüter texnologiyaları və kargüzarlıq işi” üzrə ödənişsiz təlim kurslarını müvəffəqiyyətlə başa vuran Nardaran Bilik Evinin dinləyicilərini Fondun sertifikatları ilə təltif edib.

Nardaran Bilik Evində çalışanlar Fondun təmsilçiləri kimi ölkə Prezidentinin əhalinin maarifləndirilməsi, müxtəlif elm sahələri üzrə biliklərinin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi dəyərlərin təbliği, dövlətin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması ilə bağlı verdiyi tapşırıqların layiqincə yerinə yetirilməsinin özlərinin və Bilik Evinin işığına toplaşan elm adamlarının, maarifçi ziyalıların həm vəzifə, həm də vətəndaşlıq borcu olduğunu qürurla qeyd edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti