...

Beynəlxalq Muğam Mərkəzində əfsanəvi qarmon ifaçısının 110 illik yubileyi keçirilib (FOTO)

Mədəniyyət Materials 29 Oktyabr 2018 16:03 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində əfsanəvi qarmon ifaçısı Teyyub Dəmirovun 110 illik yebiley gecəsi keçirilib.
Beynəlxalq Muğam Mərkəzində əfsanəvi qarmon ifaçısının 110 illik yubileyi keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində əfsanəvi qarmon ifaçısı Teyyub Dəmirovun 110 illik yubiley gecəsi keçirilib.

Trend-in məlumatına görə, “Unudulmayanlar” layihəsi Beynəlxalq Muğam Mərkəzinin həyata keçirdiyi irimiqyaslı layihələrdən biri olaraq Azərbaycan musiqi mədəniyyəti tarixində xüsusi yeri olan musiqi xadimlərinin – bəstəkarların, muğam ifaçılarının, instrumental musiqi ifaçılarının həyat və yaradıcılığına aid elmi- tədqiqatları, ədəbi-bədii gəcələrin keçirilməsini, onlara aid kitabların nəşrini, başqa dillərə tərcümə edilərək təqdimatını ehtiva edir.

Layihənin ilk tədbiri görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevə həsr olunmuşdu.

Sonralar Azərbaycan klassik muğam ifaçılığının görkəmli nümayəndəsi Əbdülbaqi Zülalova (Bülbücan), xalq artistləri Şövkət Ələkbərovaya, Həqiqət Rzayevaya, Yaqub Məmmədova, əfsanəvi qarmon ifaçısı Kor Əhədə və başqalarına həsr olunmuş tədbirlər də “Unudulmayanlar” layihəsi çərçivəsində ərsəyə gəlib.

Layihənin rəhbəri Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynovdur. Layihənin informasiya dəstəyini Azərbaycan televiziyasının “Mədəniyyət” kanalı həyata keçirir.

Teyyub Dəmirovun həyat və yaradıcılığına həsr olunmuş gecədə əvvəl Teyyub Dəmirovun öz ifasında “Bayatı-Qacar” muğamı səsləndirilib.

Sonra Teyyub Dəmirovun həyat və yaradıcılığına həsr olunmuş video çarx nümayiş olunub.

Tədbirin aparıcısı filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı Teyyub Dəmirovun həyat yolundan, Azərbaycan musiqi tarixinə verdiyi töhvələrdən danışaraq, qarmon musiqi alətinin Azərbaycan çalğı musiqi alətləri sırasında tutduğu məqamdan, xalqımızın ən çox sevdiyi musiqi alətlərindən biri olduğunu vurğlayıb.

Tədbirdə akademiklər Ziyad Səmədzadə, Vasif Məmmədəliyev, Milli konservatoriyanın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Teyyub Dəmirov irsinin tədqiqatçısı Aydın Əliyev, Xalq artisti Ağacəbrayıl Abbasəliyev çıxış edərək Teyyub Dəmirovun ecazkar sənəti haqqında fikirlərini bölüşüblər.

Tədbirin ən maraqlı məqamlarından biri, Teyyub Dəmirovun öz səsi ilə oxuduğu “Kəsmə şikəstə” olub. Bu ifa vaxtilə Teyyub Dəmirovun “Kəsmə Şikəstə”ni xanəndə Fatma Mehrəliyevaya “Kəsmə Şikəstə”ni necə oxumağın yollarını öyrətdiyi zaman lentə alınıb. Ev şəraitində yazılsa da Teyyub Dəmirovun həyatı və yaradıcılığı üçün nadir tapıntı kimi qiymətləndirilən bu lent yazısı tamaşaçılara böyük təsir bağışlayıb.
İfanın təsirinə biganə qalmayan Xalq artisti Alim Qasımov da “Kəsmə Şikəstə” ni səhnədə ifa edən Almaz Orucovaya qoşularaq oxudu. Hər iki ifa tamaşaçıların sürəkli alqışlarına səbəb oldu.

Bədii hissədə xalq artistləri Afdandil İsrafilov, Teyyub Aslanov, Əməkdar artistlər sənətşünaslıq üzrə fəlsəfə doktoru Zakir Mirzəyev, Ehtiram Hüseynov, Almaz Orucova, Aydın Əliyev, Kamilə Nəbiyeva, Teyyub Teyyuboğlu çıxış ediblər.

Gecəni Xalq artisti Ağacəbrayıl Abbasəliyevin rəhbərlik etdiyi “Səadət” instrumental ansamblı müşayiət edib.

Gecənin sonunda sənətkarın oğlu Teyyub Dəmirov çıxış edərək ailəsi adından Azərbaycan Republikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Azərbaycan musiqi mədəniyyətinə, muğam ifaçılığı sənətinə göstərdiyi diqqət və qayğıya görə öz təşəkkürünü bildirib. O, eyni zamanda layihənin təşəbbüskarı və təşkilatçısı olan Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə və belə layihələrə iformasiya dəstəyi göstərən Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalına da təşəkkür edib. Qeyd edib ki, böyük sənətkar Teyyub Dəmirov Azərbaycan muğamlarına neçə-neçə rəng, dəramət. diringilər bəstələyib və bu gün də sənətkarın yaratdığı bəstələr Azərbaycan muğam sənətində ifa olunmaqdadır.

Sonda Teyyub Dəmirovun “Eynuri” rəqsi Zakir Mirzəyevin, Teyyub Teyyuboğlunun və Aydın Əliyevin ifasında tamaşaçılara təqdim olunub.

Bu ifanı nağarada Elşən Qasımov müşayiət edib. Tədbirdə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Tədbir böyük maraq və sürəkli alqışlarla qarşılanıb.

Oktyabrın 30- da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində "Muğamat var olan yerdə" layihəsinin növbəti konserti keçiriləcək. Biletləri şəhərimizin kassalarından, "ASAN" xidmət mərkəzlərindən, İticket.az saytından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti