...

"Milli musiqi alətlərimiz milli sərvətimizdir” adlı konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 22 Dekabr 2021 13:19 (UTC +04:00)
"Milli musiqi alətlərimiz milli sərvətimizdir” adlı konsert keçirilib (FOTO)

Bakı. Trend:

21 dekabr 2021-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikasının Əməkdar artisti İlahə Hüseynovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Alətləri Orkestrinin “Gənclərə dəstək” layihəsi çərçivəsində “Milli musiqi alətlərimiz milli sərvətimizdir” adlı konserti keçirildi. Onu da qeyd edək ki, orkestrin bədii rəhbəri və baş dirijoru Ağaverdi Paşayevdir.

Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları - Əsədli Samir (tar),Qurbanzadə Zərintac (kamança), Pirimov Asim-(tar), Mustafayev Rəmzi (qarmon), Bəylərli Rəşid (tar), Hüseynov Kənan (tar), Abdullazadə İkram (tar), Abbaszadə Şahbaz (qarmon), Abbasov Əbülfət (tar) kimi istedadlı gənclər çıxış etdilər.

Konsertdə Qəmbər Hüseynli, Dadaşov Dadaşov, Süleyman Ələsgərov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Adil Bəbirov, Həsən Rzayevin əsərləri səslənmişdir.

“Gənclərə dəstək” layihəsi ADAF-nın direktoru, xalq artisti, professor, tanınmış piano ifaçısı Murad Adıgözəlzadənin təşəbbüsü və Azərbaycan Respublkası Mədəniyyət Nazirliyinin dəstəyi ilə 15 noyabr 2016-cı ildə yaradılmışdır. Layihənin ilk konserti “Multikulturalizm ili” çərçivəsində keçirilmişdir. “Gənclərə dəstək” layihəsi çərçivəsində konsertlər mütəmadi olaraq hər ay bir neçə dəfə həm Filarmoniya həm də Kamera və Orqan Musiqi Zalının səhnəsində keçirilir.

Bu günə qədər keçirilən 50 yə yaxın konsertlərin hər biri geniş tamaşaçı auditoriyasının diqqətini cəlb edir və rəhbətini qazanir. Layihədə iştirak etmək üçün, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, A. Zeynallı adına Musiqi Kollecinin tələbələri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, AMK tərkibində İncəsənət gimnaziyasının şagirdləri cəlb olunmuşdurlar. Layihənin hər bir konserti müxtəlif mövzulara həsr olunur. Proqram və janr baxımından çox zəngindir. Buraya, vokal , fortepiano, kamera-instrumental musiqisi axşamları aiddir. Milli dəyərimiz olan muğama da layihədə xüsusi yer ayrılıb. Gənc xanəndələrin iştirakı ilə keçirilən konsertlər böyük marağa səbəb olur. Konsertlərdə Prezident təqaüdçüləri, Respublika və Beynəlxalq müsabiqələr laureatları mütəmadi olaraq iştirak edirlər. Bu isə öz növbəsində digər gənc musiqiçilərə öz üzərlərində daima çalışmalarına, yüksək adlara nail olmaqlarına təkan verir. Layihə çərçivəsində Azərbaycanın bəstəkarlıq məktəbinin layiqli davamçılarına, gənc bəstəkarlarımıza da xüsusi yer ayrılır. Gənc bəstəkarların yaratdıqları əsərləri – pyeslər, kvartetlər, orkestr üçün əsərlər, romanslar mütəmadi olaraq səslənir. Konsertlərdə Bakı Musiqi Akademiyasının tələbə və məzunlarının yüsək səviyyədə mütəmadi iştirakı xüsusiylə diqqətə layiqdir. “Gənclərə dəstək” layihəsinin Koordinatoru musiqişünas Ayla xanım Kərimova-Zəkəriyyə öz dəyərli fikirlərini bizimlə bölüşərək bildirdi ki “Layihənin gələcəkdə həyata keçirtmək arzusunda olan bir sıra planları vardır. Düşünürük ki, “Gənclərə dəstək” layihəsi gənc nəslin yetişdirilməsi, dünya görünüşünün formalaşması, milli dəyərlərimizin qorunmasında böyük rol oynayır. Ümid edirik ki, bu layihə getdikçə daha da inkişaf edəcək və uzunömürlü olacaqdır”.

Gənclərə dəstək layihəsi bir çox festival və musabiqələrdə iştirak etmişdir.

Layihə 2019-cu il 29-30 iyun tarixlərində Almaniyanın Hannover və Tselle şəhərlərində keçirilən NEW WAY” “beynəlxalq yay” festivalı, 2019-cu il 27 dekabr tarixində Gürcüstanın Bəstəkarlar İttifaqında keçirilən “IX Milad-Dostluq” Festivalı, 2020-ci il 17-24 fevral tarixlərində keçirilən gənc ifaçıların “World Harmony” III Beynəlxalq klassik və folklor musiqi müsabiqəsi, 2020-ci ildə “Gənclərə dəstək” musiqi layihəsinin “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Akademiyası tərəfindən təsis olunan “Humay” Milli Mükafatına layiq görülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti