Bakı. Trend:
ABŞ-nin Nyu York şəhərində yerləşən Kolumbiya Universitetində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Echos of Khojaly: Remembering the İnnocence” (“Xocalı sədaları: Məsumluğun Anımı”) adlı anım tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Amerika Gənclər Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, eləcə də Kolumbiya, Harvard və digər universitetlərdə təhsil alan gənclər, Nyu York yaşayan Azərbaycan və türk diasporlarının təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan və ABŞ-nin Dövlət himnləri səsləndirilib və Xocalı soyqırımı qurbanları, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Açılış nitqi ilə çıxış edən Amerika Gənclər Federasiyasının rəhbəri Leyla Aslanova qonaqları salamlayaraq Xocalı soyqırımı haqqında iştirakçılara ətraflı məlumat verib.
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi səfir Tofiq Musayev Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımına beynəlxalq arenada hüquqi-siyasi qiymət verilməsi üçün işlərin aparıldığını qeyd edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova Xocalı soyqırımının xalqımızın qan yaddaşı olmasından, beynəlxalq ədalətin bərpası istiqamətində görülən işlərdən, 30 illik həsrətdən sonra məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışından söz açıb.
Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyinin əməkdaşı Ceyhun Novruzov soyqırımın ABŞ-də hüquqi qiymət verilməsinə nail olmaq üçün səfirliyin gördüyü işlərdən bəhs edib.
“Geo TV”-nin rəhbəri, BMT-də akkreditə olunmuş jurnalist Azim Mian ölkəmizə səfəri barədə danışıb, səfər zamanı Azərbaycanın işğaldan azad olmuş ərazilərdəki erməni vandalizminin şahidi olduğunu, minalanmış zonaların insanların həyatına təhlükə törətdiyini və gələcəkdə Xocalı soyqırımına beynəlxalq aləmdə hüquqi qiymət veriləcəyinə ümid etdiyini bildirib.
Sonra Heydər Əliyev Fondunun hazırladığı və Xocalı soyqırımı şahidlərinin o dəhşətli gecədən bəhs edən fikirlərinin yer aldığı videomateriallar nümayiş olunub.
Azərbaycan Amerika Gənclər Federasiyasının üzvü, Kolumbiya Universitetinin tələbəsi Kamran Həsənov Xocalı soyqırımı ilə bağlı araşdırma əsasında məruzə ilə çıxış edib.
Anım tədbirində Xocalı soyqırımının bəşəri cinayət olması və cinayətkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməli olduqları auditoriyanın diqqətinə çatdırılıb.
Tədbirdə Nyu-Yorkda yaşayan sənətçilər-Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri, beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarova (fortepiano) və diaspor fəalı Aqil Hüseynovun (tar) ifasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunmuş həzin musiqi səsləndirilib.
“My Way” Uşaq-Gənclər İnkişaf Mərkəzində təhsil alan uşaqların əl işindən ibarət Xocalı soyqırımının dəhşətlərini əks etdirən sərgi, eyni zamanda Mərkəzin mədəniyyət üzrə direktoru, azərbaycanlı rəssam-heykəltəraş Emin Quliyevin müəllifi olduğu "Xocalı Harayı" kompozisiyası nümayiş olunub.
Qeyd edilir ki, Xocalı soyqırımı haqqında məlumatlılığın artırılması, Ermənistanın işğalçı siyasəti nəticəsində insanlığa qarşı törədilmiş cinayətin, Qarabağ və regiondakı mövcud vəziyyətlə bağlı gerçək faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, yayılmış erməni dezinformasiyalarının qarşısının alınması, regionda sülh və sabitliyin təmin edilməsi prosesinə diqqətin cəlb olunması məqsədilə keçirilən bu cür tədbirlərin əhəmiyyəti olduqca faydalıdır.