...

Rəşad Nəbiyev: “Azerspace” və “Azersky” layihələrinin icrası Azərbaycandan “beyin axını”nın qarşısını alır

Gündəm Materials 10 Yanvar 2018 23:30 (UTC +04:00)
“Azerspace” və “Azersky” layihələrinin icrası Azərbaycandan “beyin axını”nın qarşısını alır.
Rəşad Nəbiyev: “Azerspace” və “Azersky” layihələrinin icrası Azərbaycandan “beyin axını”nın qarşısını alır

Bakı. Trend:

“Azerspace” və “Azersky” layihələrinin icrası Azərbaycandan “beyin axını”nın qarşısını alır.

Trend-in məlumatına görə, bunu “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

O qeyd edib: “Zati-aliləri, Sizin rəhbərliyiniz ilə həyata keçirilən və müasir Azərbaycan tarixinin önəmli layihələrindən biri olan “Azerspace-1” peykinin 2013-cü ildə orbitə çıxarılması ilə, qeyd etdiyiniz kimi, ölkəmiz azsaylı dövlətlərin təmsil olunduğu “kosmik klub”a üzv oldu. Bu məqamda xatırlatmaq istərdim ki, Azərbaycanda bir çox digər sahələrdə olduğu kimi, kosmik sənayenin əsasları da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının nəzdində “Kosmik cihazqayırma konstruktor bürosu” yaradıldı və kosmik tədqiqatların aparılmasına başlanıldı.

Əfsuslar olsun ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən siyasi proseslərin destruktiv təsirləri kosmik sənayedən də yan keçmədi, bu sahədə ixtisaslaşmış kadrların ölkədən axınına, əldə olunmuş bilik və təcrübənin itirilməsinə səbəb oldu.

Zati-aliləri, 2009-cu ildə təsdiq etdiyiniz “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verildi. Bu da öz növbəsində, xarici dövlətlərin peyklərindən asılılığı aradan qaldırdı və “Azerspace-1” ölkəmizin informasiya təhlükəsizliyinin vacib komponentinə çevrildi”.

R.Nəbiyev bildirib ki, “Azerspace-1” peyki ilə yanaşı, “Azersky” da suverenliyimizin qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlara malikdir. 2015-ci ildən etibarən “Azersky” peyki ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilir, həmçinin işğal olunmuş ərazilərimizdə törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılır. Bundan başqa, ötən il Kəlbəcər və Zəngilan rayonları ərazisində yerləşən filiz yataqlarının kosmik monitorinqi həyata keçirilib və hasilat sahələrində baş vermiş genişlənmələr aşkar edilib:

“Cənab Prezident, bütün bunlarla yanaşı, peyk proqramlarının biznes layihəsi kimi özünü doğrultması istiqamətində verdiyiniz tapşırıqların icrası da davamlı şəkildə həyata keçirilir. Dünyanın 25-dən çox ölkəsində sabit müştəri bazasına malik olan “Azerspace-1” peyki üzərindən Azərbaycan, türk, rus, ingilis və digər dillərdə, yerli və beynəlxalq səviyyəli, ümumilikdə, 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. Bu gün Reuters, MTV, National Geographic kimi media nəhəngləri peyk xidmətləri üzrə biznes-tərəfdaş olaraq bizi seçir.

Rəqib peyk operatorlarından fərqli olaraq, “Azerspace-1” üzərindən yayımlanan kanalların məzmun seçiminə xüsusi həssaslıqla, etik və milli mənəvi dəyərlər prizmasından yanaşırıq. Bu, bizim tam kommersiya istiqamətində çalışmağımıza məhdudiyyətlər yaradır. Lakin biz bu itkiləri ölkəmizdə digər sahələrin inkişafı hesabına kompensasiya etməyə çalışırıq. Belə ki, Sizin idman sahəsində yürütdüyünüz uğurlu siyasətin nəticəsi olaraq, ölkəmizdə keçirilən mötəbər idman tədbirlərinin müsbət təsirlərindən faydalanan sahələrdən biri də peyk yayımı sahəsidir”.

ASC sədri xatırladıb ki, 2015-ci ildə vətənimizdə keçirilən ilk Avropa Oyunları, həmçinin ötən ilin ən önəmli idman hadisələrindən biri olan IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları “Azerspace-1” peyki üzərindən yayımlandı: “Bu da “Azərkosmos”un “İSB” və “Tata Communications” kimi nüfuzlu yayım şirkətlərinin daimi subpodratçılar siyahısına daxil edilməsinə və nəticədə peykimizin orbital mövqeyinin tanınmasına səbəb oldu.

“Azərkosmos” qlobal peyk xidmətləri bazarının fonunda kiçik, regional peyk operatorudur. Lakin peyk xidmətləri bazarında fəaliyyət göstərdiyimiz dörd il ərzində biz bu əlverişsiz mövqeyi üstünlüyə çevirməyə çalışmışıq. Fəaliyyətimizi Strateji İnkişaf Planı əsasında qurur, korporativ idarəetmənin ən son yeniliklərini tətbiq edirik. Bütün bunların nəticəsi olaraq, “Azərkosmos” kommersiya fəaliyyətinə başladığı dövrdən ötən qısa müddət ərzində peyklərin istismarından 90 milyon ABŞ dolları həcmində gəlir əldə edib. Əldə olunan gəlirlər peyklərin maliyyələşdirilməsi üçün alınmış kreditlərin ödənilməsinə yönəldilir.

Cənab Prezident, Azərbaycanın peyk şəbəkəsi ölkəmizin suverenliyinə xidmət etmək və biznes layihəsi olmaqla yanaşı, həm də sosial-iqtisadi inkişafa dəstək verir. Göstəriş verdiyiniz istiqamətlərdə, yəni kənd təsərrüfatında məhsuldarlığın dəqiq müəyyən edilməsi, eləcə də torpaqlardan istifadənin və əkin sahələrinin uçotu ilə bağlı konkret layihələr həyata keçirilib. Kənd Təsərrüfatı Nazirliyi ilə ötən il pilot layihəsi olaraq, respublikanın dörd rayonunda 5 növ kənd təsərrüfatı məhsulunun məhsuldarlığı proqnozlaşdırılıb, subsidiyalara nəzarət məqsədilə bitki örtüyünün dəqiq xəritəsi hazırlanıb. Bu il isə layihənin bütün ölkə miqyasında həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, ötən il ərzində respublika üzrə bütün istixanaların peyk təsvirləri vasitəsilə monitorinqi də aparılıb, istixana altında olan torpaq sahələrinin dəqiq sahəsi müəyyən edilib və elektron xəritəsi hazırlanıb”.

O əlavə edib ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə birgə Şəki rayonunda pilot layihə olaraq, kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsinin kosmik monitorinqi aparılıb və bu il analoji layihənin daha bir neçə rayonda icrası nəzərdə tutulur: “Həmçinin ötən “Bakutel” sərgisində verdiyiniz tapşırıqların da icrasına – yəni, pivot suvarma sisteminin tətbiq edildiyi əkin sahələrinin və respublika üzrə meşələrin monitorinqinə başlanılıb.

Cənab Prezident, icazənizlə bütün bu nailiyyətləri şərtləndirən və son dövrlərdə bizim layihələrimizi kosmik peyk bazarına daxil olan ölkələrin proqramlarından daha uğurlu edən amilləri diqqətinizə çatdırmaq istərdim. Sizin “Azərbaycan heç vaxt bu qədər güclü olmayıb” fikrinizi müxtəlif sahələrdə çalışan Azərbaycan şirkətləri öz gündəlik fəaliyyətlərində hiss edirlər. Bu güc və beynəlxalq nüfuz bizə imkan verir ki, ən qabaqcıl kosmik texnologiyaların, bilik və bacarıqların ölkəmizə transferini həyata keçirək. Belə ki, ilk milli peykimiz Amerika şirkəti tərəfindən istehsal olunub, fransız şirkəti tərəfindən orbitə çıxarılıb. “Azersky” isə fransız şirkəti tərəfindən istehsal olunaraq Hindistan şirkəti tərəfindən orbitə çıxarılıb. Peyk layihələrinin maliyyələşdirilməsi həmin ölkələrin maliyyə qurumları ilə yanaşı, o cümlədən Yaponiya bankları tərəfindən həyata keçirilib.

Digər tərəfdən, fəaliyyətə başladığımız 2011-ci il “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın ilk məzunlarının əmək bazarına daxil olduğu ilə təsadüf etdi. Proqram çərçivəsində texniki ixtisaslara üstünlüyün verilməsi “Azərkosmos”un azərbaycanlı gənclərdən ibarət texniki heyətinin formalaşması zamanı seçim imkanlarımızı əhəmiyyətli dərəcədə genişləndirdi. Bu gün peyklərimiz tam şəkildə yerli mütəxəssislər tərəfindən idarə olunur. Müşahidələrimizə əsasən, ötən əsrin 80-90-cı illərində doğulan, bu gün ölkəmizin əmək bazarının əhəmiyyətli hissəsini – 40 faizini təşkil edən və “minilliyin gəncliyi” adlandırılan bu yaş qrupunun öz spesifik xüsusiyyətləri var. Bu gəncliyi qeyri-maddi motivatorlar maddi rifahdan daha çox düşündürür. Onlar gördükləri işin ali məqsədə xidmət etməsini istəyir və üzərilərinə məsuliyyət götürərək sərbəst çalışmağa üstünlük verirlər. “Azerspace” və “Azersky” kimi layihələrin həyata keçirilməsi bu gənclərə müsbət mənada özlərini tapmaq, potensiallarını reallaşdırmaq imkanı verir, vətənimizdən “beyin axını”nın qarşısını alır və ən əsası, ölkə olaraq bizi dördüncü sənaye inqilabına hazırlayır”.

R.Nəbiyev əlavə edib ki, bu sənaye inqilabının əsas aparıcı qüvvəsini insan potensialı, xüsusilə də onun intellekti təşkil edir: “İnanırıq ki, bu gün “Azərkosmos” da daxil olmaqla, Sizin fərman və sərəncamlarınızla yaradılmış texnoloji şirkətlərdə çalışan potensiallı gənclərimizin bir qrupu yaxın gələcəkdə öz startap layihələri ilə yeni iş yerləri yaradan innovativ sahibkarlara çevriləcək.

Məruzə edim ki, inkişafımızın növbəti mərhələsi olaraq “Azərkosmos”da Tədqiqat və İnkişaf Mərkəzi yaradılıb. Hazırda bu Mərkəzdə peyklərin idarə edilməsi sahəsində müxtəlif proqram təminatlarının hazırlanması, neyron şəbəkələr əsasında qurulmuş sistemlər vasitəsilə peyk təsvirlərində obyektlərin və dəyişikliklərin avtomatik tanınması, süni intellekt həlləri və digər sahələr üzrə tədqiqatlar aparılır.

Zati-aliləri, Korporativ Sosial Məsuliyyət çərçivəsində “Azərkosmos” Milli Aviasiya Akademiyası ilə nano peyklərin hazırlanması sahəsində tərəfdaşlıq edir. 2016-cı və 2017-ci illərdə Akademiyanın tələbələrinin hər il NASA tərəfindən keçirilən beynəlxalq “CanSat” tələbə peyki müsabiqəsində iştirakına tərəfimizdən dəstək verilib, tələbələrimizin hazırladığı model peyklər uğurla səmaya buraxılıb. Bu ildən isə Təhsil Nazirliyi ilə birlikdə universitetlərarası analoji müsabiqənin keçirilməsinə start verilib.

Cənab Prezident, icazənizlə bir qədər də gələcək inkişaf planlarımız barədə məruzə etmək istərdim. Biznesin davamlılığını təmin edəcək “Azerspace-2”nin orbitə çıxarılması məqsədilə peykin və daşıyıcı raketin hazırlanması üzrə işlər qrafikə uyğun davam etdirilir. Peykin aprel ayında orbitə çıxarılması nəzərdə tutulur. “Azerspace-2” hazırkı əhatə zonamızı genişləndirməklə yanaşı, “Azerspace-1”in orbitdəki ehtiyatı olacaq, bu da bizə müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Qeyd edim ki, “Azerspace-2” peyki orbitə buraxılmamış onun tutumlarının 46 faizi artıq “İntelsat” şirkətinə satılıb”.

ASC sədri bildirib ki, “Azersky” peyki üzrə isə əldə etdiyimiz gəlirlərin 98 faizi xarici bazarlarda formalaşır: “Bu baxımdan peykin imkanlarının ölkəmizdə daha geniş tətbiq olunması məqsədilə İqtisadiyyat Nazirliyi ilə birlikdə “Azərbaycan Respublikasında 2018-2022-ci illərdə Yerin peyk vasitəsilə məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı”nın layihəsi hazırlanıb. Dövlət qurumlarında bu xidmətlərdən faydalanmaq üçün müasir maddi-texniki təminat səviyyəsinin və sahə üzrə ixtisaslı kadrların kifayət etməməsi həmin proqramın hazırlanmasını zəruri edib. Hesab edirik ki, Dövlət Proqramının qəbul olunması növbəti beş ildə məsafədən müşahidə xidmətlərinin inkişafına təkan verər, müşahidə xidmətləri vasitəsilə dövlət idarəetməsinin effektivliyini artırar və bu sahə üzrə elmi-tədqiqat və ixrac potensialını yüksəltmiş olar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti