...

Avropa Komissiyası: Aİ beynəlxalq logistika və ticarət mərkəzinə çevrilməsi baxımından Bakı Limanını dəstəkləyir (FOTO)

Gündəm Materials 30 Yanvar 2018 16:38 (UTC +04:00)
Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə Baş direktoru Henrik Hololei yeni Bakı Limanına səfər edib
Avropa Komissiyası: Aİ beynəlxalq logistika və ticarət mərkəzinə çevrilməsi baxımından Bakı Limanını dəstəkləyir (FOTO)

Bakı. Trend:

Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololei Azərbaycana rəsmi səfəri çərçivəsində Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər edib.

Qonağı Bakı Limanında gedən işlərlə tanış edən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov H.Hololeinin diqqətinə çatdırıb ki, yeni Bakı limanının inşası Prezident İlham Əliyevin ölkənin regional nəqliyyat qovşağına (hub) çevrilməsi siyasətində mühüm yer tutur. Cari ilin ortalarında tikinti işləri bitməklə 12 körpüdən ibarət olacaq limanın yükaşırma qabiliyyəti 15 milyon ton yük, o cümlədən 100 000 konteyner (TEU) olacaq. Ümumiyyətlə isə bütün inşa işləri bitdikdən sonra liman mövcud 17 körpüsü ilə 25 milyon ton yük, o cümlədən 500 000 konteyner yük aşıra biləcək.

H.Hololei yeni Bakı Limanın Avropa-Asiya ticarət dövriyyəsində mühüm yer tutduğunu qeyd edib: “Azərbaycan Avropanın yaxın tərəfdaşıdır və biz tərəfdaşlığı daha da inkişaf etdirmək niyyətindəyik. Bu ölkə, Avropa və Asiyanı əlaqələndirən nəqliyyat dəhlizi və öz strateji mövqeyi ilə nəqliyyat və logistika qovşağı kimi mühüm rol oynayır. Mən çox məmnunam ki, Aİ həm əməliyyat imkanlarının artırılması, həm də beynəlxalq logistika və ticarət mərkəzinə çevrilməsi baxımından Bakı Limanını dəstəkləyir və gələcəkdə də dəstəkləyəcək. Bu müasir liman genişlənmiş Avropanın Trans-Avropa şəbəkəsinin (TNT-T) bir hissəsidir.”

T.Ziyadov qonağın nəzərinə çatdırıb ki, Avropa Komissiyasının gündəmində vacib yer tutan bağlılıq (connectivity), regional ticarət və logistika hub-larının yaradılması Bakı Limanının da diqqət mərkəzindədir. Baş direktor bildirib ki, “Aİ və Asiya arasındakı ticarət dövriyyəsinin artdığını nəzərə alaraq, Bakı Limanı bu inkişafa hazırdır, ticarət və xüsusən rəqəmsal dəhlizin yaranmasına töhfə verməkdədir. Limanda tətbiq olunmağa başlanan İT sistemi bütün əməliyyatları avtomatlaşdırıb, yük sahibinə onlayn rejimdə yükə nəzarət etmək, bizim ərazidə yerini bilmək və sair üstünlüklər verir.”

2017-ci ilin yanvar ayından etibarən Aİ-nin Bakı Limanının əməliyyat imkanlarının yaxşılaşdırılmasına dair dəstək layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində Aİ-nin Antverp, Hamburq, Koper və Triest kimi qabaqcıl limanlarına təlim səfərləri təşkil olunub və təcrübə mübadiləsi aparılıb. Ümumiyyətlə, Bakı Limanının müasir və şəffaf prinsiplərə söykənən əməliyyat sistemi, “yaşıl” və “smart” texnologiyalardan istifadəsi Aİ tərəfindən dəstəklənməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti