...

Dövlət Komitəsi: Prezident İlham Əliyevin qaçqın və məcburi köçkün probleminin həllində uğurlu dövlət siyasəti oxşar problemlərlə üzləşən ölkələrə nümunədir

Gündəm Materials 31 Yanvar 2018 10:56 (UTC +04:00)
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun Regional Əlaqələndiricisi Conatan Heys ilə görüşüb.
Dövlət Komitəsi: Prezident İlham Əliyevin qaçqın və məcburi köçkün probleminin həllində uğurlu dövlət siyasəti oxşar problemlərlə üzləşən ölkələrə nümunədir

Bakı. Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun Regional Əlaqələndiricisi Conatan Heys ilə görüşüb.

Komitədən Trend-ə verilən məlumata görə, əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və bugünkü siyasi durum, ölkəmizdəki qaçqın və məcburi köçkün problemi, bu ağır problemin həlli istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində dünyanın oxşar problemlərlə üzləşən ölkələri üçün nümunə kimi dəyərləndirilən Azərbaycan modeli və digər mühüm məsələlərin müzakirəsinin də geniş yer aldığı görüşdə qonağa hərtərəfli məlumat verən F.Hüseynov diqqətə çatdırıb ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə daim sadiqliyini nümayiş etdirsə də, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi nəticəsində bu problem hələ də öz həllini tapmayıb.

Bildirilib ki, nüfuzlu beynəlxalq qurumların Ermənistanın işğalçılıq siyasətini pisləyən, işğalçı qoşunların dərhal və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qərar və qətnamələrinin olmasına baxmayaraq, işğalçı ölkə bunların heç birinə əməl etmir. Azərbaycanın torpaqlarının işğalda qalması faktı ilə heç vaxt barışmayacağını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa edəcəyini, işğaldan azad olunmuş ərazilərdə geniş abadlıq-quruculuq işlərinə başlayacağını əminliklə qonaqların diqqətinə çatdıran Komitə sədrinin müavini bütün bunların Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin timsalında “Böyük Qaydışın” bir nümünəsi kimi reallaşdığını bildirib.

F.Hüseynov qeyd edib ki, Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev ölkəmizdə qaçqın və məcburi köçkün probleminin həlli istiqamətində böyük işlər görüblər. Ümumilikdə, indiyədək respublikanın müxtəlif ərazilərində bütün sosial-texniki infrastrukturu ilə birlikdə 97 müasir tipli qəsəbə və hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllələr istifadəyə verilib, 265 min nəfər bu qəsəbələrə köçürülüb. Bunlarla yanaşı, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanıım Əliyeva da ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində cox ciddi tapşırıqlar verib və bu işlər uğurla davam etdirlir.

Görüşdə C.Heys münaqişənin tezliklə həllini tapmasının vacibliyini vurğulayaraq, Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib. Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunduğu görüşdə qonaq suallarına ətraflı cavab aldığına və hərtərəfli məlumata görə minnətdarlığını ifadə edərək Azərbaycan dövlətinin Cocuq Mərcanlı kəndində apardığı bərpa quruculuq işlərinin onlarda böyük maraq doğurduğunu vurğulayıb.

Sonda F.Hüseynov 1990-cı illərin əvvəllərində beynəlxalq humanitar təşkilatlar tərəfindən ölkəmizdə olan qaçqın və məcburi köçkünlərə göstərilən humanitar yardımlardan danışmış və bunun bir xeyirxahlıq nümunəsi kimi ölkəmiz tərəfindən həmişə yüksək qiymətləndirildiyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti