...

Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci konfransı Azərbaycanda keçiriləcək

Gündəm Materials 22 Fevral 2018 09:51 (UTC +04:00)
Tailand Krallığında səfərdə olan Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşı fevralın 20-21-də Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) Banqkok şəhərində keçirilən İdarə heyətinin illik görüşündə iştirak edib.
Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci konfransı Azərbaycanda keçiriləcək

Bakı. Trend:

Tailand Krallığında səfərdə olan Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşı fevralın 20-21-də Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) Banqkok şəhərində keçirilən İdarə heyətinin illik görüşündə iştirak edib.

DİM-dən Trend-ə verilən məlumata görə, görüşdə IAEA-nın 45-ci illik konfransının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.

DİM biliyin qiymətləndirilməsi sahəsində dövlətlərarası əməkdaşlığın qurulması, bu sahədə təcrübə mübadiləsinin aparılması, yeni qiymətləndirmə metodlarının tətbiq olunması məqsədilə yaradılmış IAEA ilə sıx əməkdaşlıq etməkdədir və təşkilatın daimi üzvüdür. Bu əməkdaşlıq çərçivəsində DİM IAEA-nın illik konfransının Azərbaycanda təşkil olunması üçün müraciət edib və IAEA-nın 45-ci illik konfransının 2019‑cu ilin 23-27 sentyabr tarixlərində Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.

DİM-in Strateji inkişaf və layihələrin idarəedilməsi sektorunun müdiri Vəli Hüseyn Azərbaycanda "Qiymətləndirmə və qərar qəbul etmə: fərdi və institusional həllər" mövzusunda keçirilməsi planlaşdırılan tədbirə hazırlıq işlərinin görülməsi barədə təqdimat etmiş, İdarə Heyətinin üzvləri tərəfindən verilmiş sualları cavablandırıb. Təqdimatın əsas hissəsi konfransın mövzusu, alt-mövzular, qonaq mühazirəçilər, tədbirin keçiriləcəyi məkan, ölkə təqdimatı və ümumi hazırlıq işlərini əhatə edib.

Hazırlıq işlərinin növbəti mərhələsi IAEA-nın 2018-ci ildə Böyük Britaniyanın Oksford şəhərində təşkil olunan konfransında təqdim olunacaq.

Qeyd edək ki, 2007-ci ildə IAEA-nın 33-cü illik konfransı da Dövlət İmtahan Mərkəzinin (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının) təşkilatçılığı ilə keçmiş MDB və Şərqi Avropa dövlətləri arasında ilk dəfə olaraq Azərbaycanda təşkil olunub və TQDK IAEA-nın rəhbər qurumlarında təmsil olunub. Təqdimatda, həmçinin 2007-ci ildə IAEA-nın Bakıda keçirilən illik konfransının qısa videoçarxı da nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti