...

Azərbaycanda hemofiliyalı xəstələrin sayı artıb

Cəmiyyət Materials 16 Aprel 2018 11:42 (UTC +04:00)
Bakı, Sumqayıt şəhərləri, Mərkəzi Aran rayonlarında hemofiliyalı xəstələrin sayı artıb.
Azərbaycanda hemofiliyalı xəstələrin sayı artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı, Sumqayıt şəhərləri, Mərkəzi Aran rayonlarında hemofiliyalı xəstələrin sayı artıb.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemofiliya Mərkəzinin rəhbəri, dosent Elmira Qədimova deyib.

Onun sözlərinə görə, Azərbaycanda hemofiliyalı xəstələrin yayılma tezliyi öyrənilib: "Müəyyən edilib ki, iri şəhərlər olan Bakı, Sumqayıt şəhərlərində, Mərkəzi Aran rayonlarında xəstələrin sayı artıb. Bakıda 758, Sumqayıtda 77 nəfər hemofiliyalı xəstə var. Bu artımı maarifləndirmənin nəticəsi ilə izah etmək olar. İnsanlar artıq bu xəstəlik barədə daha çox məlumatlıdırlar".

E.Qədimova əlavə edib ki, hazırda mərkəzdə 1595 xəstə dispanser qeydiyyatındadır. Ölkədə qeydiyyatda olan xəstələrin 21 faizi 1-15 yaşındadır. Ümumi qeydiyyatda olan xəstələrin 98 nəfəri 1-5, 235 nəfəri 5-15 yaşlıdır. Xəstələrin 1051-də hemofiliya A, 139-da hemofiliya B, 210-da Villebrand xəstəliyi var.

E.Qədimova bildirib ki, dünyada hemofiliyalı xəstələrin 80 faizi lazımi dərman preparatları ilə təmin olunmurlar. Lakin ölkələrin 20 faizində hemofiliyalı xəstələr lazımi dərman preparatları ilə təmin edilirlər.

Mərkəz rəhbəri Azərbaycanın da həmin 20 faizə daxil olan ölkələrdən biri olduğunu söyləyib.

Qeyd edilib ki, mərkəzə keçən il ambulator müalicə üçün 2759, stasionar müalicə üçün 271 nəfər müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti