...

ETSN-dən maraqlı İDDİA: Xəzərdə aparılan tədqiqatlar flora və faunasına mənfi təsir göstərir

Cəmiyyət Materials 1 İyun 2018 12:24 (UTC +04:00)
Beş Xəzəryani ölkələrin də Xəzər dənizinin çirklənməsində payı var.
ETSN-dən maraqlı İDDİA: Xəzərdə aparılan tədqiqatlar flora və faunasına mənfi təsir göstərir

Bakı. İlhamə İsabalayeva - Trend:

Beş Xəzəryani ölkələrin də Xəzər dənizinin çirklənməsində payı var.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşı Mirsalam Qəmbərov bildirib.

Onun sözlərinə görə, Xəzər dənizini ən çox çirkləndirici axar Volqa çayıdır: "Xəzər dənizinin çirklənməsinin səbəbləri müxtəlifdir. Xəzərə istiqamətlənmiş su axarlarının gətirdiyi zərərli maddələr, istirahət edən insanların yaratdığı ekoloji yük dənizi çirkləndirir. İnsanlar istirahət qaydalarının tələblərinə riayət etməlidirlər".

Nazirlik rəsmisi deyib ki, Xəzər dənizi yalnız qeyd olunan mənbələrlə çirklənməyə məruz qalmır: "Xəzər dənizinə bu gün böyük sənaye potensiallı layihələr də təsir edir. Neft, karbohidrogen amili bu gün dənizin çirklənməsinə istər-istəməz təsir göstərir. Hər hansı blokun işlənilməsindən əvvəl orada müəyyən seysmoloji işlər və digər tədqiqatlar aparılır. Bütün bu işlər də Xəzər dənizinin flora və faunasına mənfi təsir göstərir".

M.Qəmbərov bildirib ki, Xəzər dənizinin sahil zolağının çirklənməsinin qarşısını almaq üçün nazirlik tərəfindən su axarlarının tərkibindəki çirkləndirici maddələrin idarəolunması istiqamətində tədbirlər görülür.

M.Qəmbərov əlavə edib ki, "Azərsu" ASC tərəfindən Bakı şəhərinin və ətraf ərazilərində Xəzər dənizinin sahil zolağında tam standartlara cavab verən mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin qurulmasını nəzərdə tutan genişmiqyaslı layihə işlənib başa çatdırılır: "Bu layihənin icrası başa çatdıqdan sonra tullantı sularının cüzi hissəsi də dənizin üzünü görməyəcək. Bununla yanaşı, yağış sularının idarə olunması üçün kollektor sisteminin qurulması həmin layihənin tərkib hissəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti