...

Lahıc – turistlərin sevimli məkanı (FOTOREPORTAJ)

Maraqlı Materials 16 İyul 2018 18:26 (UTC +04:00)
Lahıc qəsəbəsi Azərbaycana gələn turistlərin baş çəkdiyi gözəl məkanlardan biridir.
Lahıc – turistlərin sevimli məkanı (FOTOREPORTAJ)

Bakı. Zaur Mustafayev - Trend:

İsmayıllı rayonunun Lahıc qəsəbəsi Azərbaycana gələn turistlərin baş çəkdiyi gözəl məkanlardan biridir.

Trend-in məlumatına görə, Lahıc dağlar arasında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 m hündürlükdə yerləşir.

Qəsəbə Girdiman çayı sahilində yerləşməklə Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunub ki, bu da ona təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda kəndin xarici təsirlərdən, basqınlardan yaxşı müdafiə olunmasına imkan yaratmışdı.

Lahıcın 2000 ildən artıq tarixi var. Lahıc ətrafında tapılmış daş bıçaq və ox ucluqları, gil qablar burada yaşayışın hələ qədim zamanlarda olmasından xəbər verir. Bu torpaqların qədimliyinin sübutlarından biri də bu gün də Lahıc qəbiristanlığında olan I Keyxosrov və Bahadurşahın qəbirləridir. Ərəblərin Azərbaycana hücumu zamanı alban hökmdarı Cavanşirin yay iqamətgahı Niyaldağın Lahıca baxan yamacında idi. Lahıc Albaniyanın qala-şəhəri kimi mühüm müdafiə əhəmiyyəti daşıyırdı.

Lahıc özünəməxsus memarlıq üslubu və binaların keyfiyyəti ilə adi dağ kəndlərindən çox fərqlənir. Bu, məharətlə və mozaik şəkildə ağ çay daşları ilə döşənmiş küçə-meydanları olan və inkişaf etmiş kanalizasiya, su təchizatı sisteminə malik kiçik bir orta əsr şəhəridir. Burada iki və üç mərtəbəli evlər, ictimai hamamlar görmək mümkündür. Memarlıq ənənələrinin unikallığı, yüksək səviyyədə inkişaf etmiş xalq sənətkarlığı və özünəməxsus adət-ənənələri Lahıcı açıq səma altında muzey adlandırmağa imkan verir.

Lahıc Tarix-Mədəniyyət Qoruğu tərəfindən ərazidə 90-dan artıq tarixi abidə qorunur. Bura 5 məscid, 3 hamam, 60-dan artıq yaşayış evi, 1 körpü, onlarla qəbirüstü daş, 1 su dəyirmanı, bir neçə sənətkarlıq emalatxanası və ictimai bulaqlar aiddir. Tikintilərin əksəriyyəti XII-XIX əsrlərdə yerli tikinti materiallarında inşa edilib.

Trend oxucularına Lahıcdan ən son görüntüləri təqdim edir:

FOTO - Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti