...

Mağazalardan rüşvət alanların məhkəməsi başladı

Gündəm Materials 20 Noyabr 2018 13:21 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Səfər Vəliyev və Elnur Rzayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Mağazalardan rüşvət alanların məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Səfər Vəliyev və Elnur Rzayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

S.Vəliyev və E.Rzayev ittiham üzrə özlərini qismən təqsirli bilib.

Prosesdə ifadə verən E.Rzayev bildirib ki, o özünü Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı kimi təqdim etməyib: “Əvvəl Sahibkarlıq Hüquq Cəmiyyətində işləmişəm. Həmin cəmiyyətin vəsiqəsi olub, sədrimiz isə Əli Babayev idi. Orada sahibkarlara könüllü olaraq təlim keçirdim. Buna görə də sahibkarlardan zəhmət haqqı alırdım. Bir çox mağazalar bizim təklifimizi qəbul etmişdi. Gedib orada vaxtı keçmiş malları aşkar edirdik və sonra sahibkarlara başa salırdıq. Əvvəl mağazalara gedəndə heç Qida Təhlükəsizliyi Agentliyi yaranmamışdı. Ümumiyyətlə agentliyin adından istifadə etməmişik. Sonra cəmiyyət ləğv edildi və vəsiqəni Əli müəllimə verə bilmədik".

Qeyd edək ki, faktla bağlı Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Qida Təhlükəsizliyi Agentliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində Rzayev Elnur Qadir oğlu və Vəliyev Səfər Məhəmməd oğlunun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə uzun müddət ərzində mütəmadi olaraq, Bakı şəhəri və respublikanın ayrı-ayrı rayonlarında fəaliyyət ğöstərən ərzaq mağazaları sahiblərinə özlərini Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları kimi təqdim edərək, mağazalarda yoxlama aparılmaması müqabilində sahibkarları rüşvət verməyə təhrik edərək onlardan pul almasına dair əsaslı şübhələr müəyyən edildiyindən, E.Rzayev və S.Vəliyevə Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti