...

"Atatürk" parkında təmir işləri davam etdirilir (FOTO/VİDEO)

Gündəm Materials 28 Yanvar 2019 15:42 (UTC +04:00)
Bakı şəhəri Nərimanov rayonunda yerləşən Atatürk parkı hazırda əsaslı təmir olunur
"Atatürk" parkında təmir işləri davam etdirilir (FOTO/VİDEO)

Bakı. Trend:

Bakı şəhəri Nərimanov rayonunda yerləşən "Atatürk" parkı hazırda əsaslı təmir olunur

Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, bu park böyük bir şəxsiyyətin –Türkiyə Respublikasının qurucusu və banisi Mustafa Kamal Atatürkün adını daşıyır. Eyni zamanda bu park Azərbaycan və Türkiyə Respublikaları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində görülən işlərdən biridir.

İndiyə qədər parkdakı şərait istər ərazidə yaşayanları, burada istirahət edənləri, istərsə də parkdan keçənləri, bir sözlə heç kimi qane etməyib. Bununla əlaqədar vətəndaşlardan mütəmadi olaraq Bakı şəhər İcra Hakimiyyətinə müxtəlif xahiş və təkliflər ünvanlanıb. Həmin müraciətlər nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Nərimanov rayon İcra Hakimiyyəti ilə birlikdə Atatürk parkının tam şəkildə yenidən qurulması, abadlaşdırılması ilə əlaqədar layihə sənədləri hazırlanıb. Həmin layihə sənədləri əsasında parkın ən müasir standartlara cavab verən şəkildə yenidən qurulması nəzərdə tutulub. Parkda müxtəlif istirahət guşələri, əyləncə qurğuları yaradılacaq, o cümlədən parkda istirahət edən insanların müəyyən tələblərini ödəmək üçün bir neçə ictimai iaşə obyekti istifadəyə veriləcək.

Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, 2 ay əvvəl parkda əsaslı təmir- yenidənqurma işlərinə başlanıb. Parkdakı obyektlərin sənədləri araşdırılıb. Mülkiyyət sənədləri (Çıxarışı) olan obyekt sahiblərinə obyektlərində müasir standartlara, parkın yeni layihəsinə uyğun formada yeniləşdirmə aparılması işləri tapşırılıb. Digər işlər isə layihə sənədlərində nəzərdə tutulub. O cümlədən, parkdakı ağacların budanması, cavanlaşdırılması işləri də görülür. Bu işlər Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Departamenti tərəfindən həyata keçirilir.

Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, layihəyə uyğun olaraq gələcəkdə parkda əlavə digər ağacların, kolların əkilməsi, güllərdən müxtəlif kompozisiyaların düzəldilməsi, qazon örtüyünün yenilənməsi nəzərdə tutulub.

Yaxın aylarda bu parkın sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti