...

Azərbaycanın Şirvan rayonunda intensiv yağışlar evləri qəzalı vəziyyətə salıb

Hadisə Materials 4 May 2010 16:51 (UTC +04:00)
Azərbaycanda intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsinin xeyli qalxması Şirvan rayonunda da ciddi fəsadlar yaradıb.
Azərbaycanın Şirvan rayonunda intensiv yağışlar evləri qəzalı vəziyyətə salıb

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsinin xeyli qalxması Şirvan rayonunda da (paytaxt Bakıdan 110 kilometr məsafədə) ciddi fəsadlar yaradıb.

Şirvan rayon İcra Hakimiyyətindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, fərdi yaşayış evlərində qrunt suları üzə çıxıb.

"Şəhərin "Köhnə şəhər" adlanan yaşayış sahəsi, Bayramlı və Çılpaqlı qəsəbələrində 315-dək fərdi evin həyətini qrunt suyu basıb, 15 ev qəza vəziyyətinə düşüb, həyətyanı təsərrüfatlardakı əkinlər və meyvə ağacları yanaraq məhv olub", - məlumatda deyilir.

Fövqəladə Hallar Nazirliyinin mobil qüvvələri hadisə yerində fasiləsiz rejimlə çalışırlar. Qurumun 14-ə yaxın iritutumlu su nasosu vasitəsilə həyətləri basmış qrunt suları çəkilərək kənara axıdılır. Az müddətdə 100-ə yaxın həyət təmizlənib.

İntensiv yağışlar Zərdab, Salyan, Neftçala və digər rayonlardakı evlərə də ciddi ziyan vurub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin çərşənbə axşamı yaydığı məlumatına görə, mayın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 14-17 dərəcə təşkil edəcək.

Mayın 6-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 15-19 dərəcə olacaq.

Azərbaycan rayonlarında mayın 5-6-da hava şəraitinin əsasən axşam və gecə saatlarında bəzi yerlərdə yağışlı keçəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti