Azərbaycan, Gəncə, 11 may /Trend, müxbir V.Məmmədov/
Azərbaycanın qərbində yerləşən Hacıkənd qəsəbəsində məcburi köçkünlərə məxsus evlər torpaq altında qalıb.
Göy göl Rayon İcra Hakimiyyəti başçısının müavini Turani Əliyev Trend-ə bildirib ki, dünən saat 23:00 radələrində yağmağa başlayan leysan yağış qəsəbənin infrastrukturunu dağıdaraq yaşayışı çətinləşdirib.
Bir saata yaxın yağan leysan nəticəsində rayonun Hacıkənd qəsəbəsində dağdan torpaq kütləsi axaraq, Kəlbəcərdən məskunlaşan məcburi köçkünlərin evlərini basıb. Məlumata görə, 30 evin içi sellə dolaraq yaşayış üçün yararsız hala düşüb.
Həmçinin, sel nəticəsində 70-ə yaxın xırdabuynuzlu, 10-a yaxın iribuynuzlu mal-qara torpağın altında qalıb. Bundan başqa, 3 avtomobil də torpaq kütləsinə qarışıb.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çalışırlar.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin rəsmilərinin verdiyi məlumata görə, məcburi köçkünlər onların məskunlaşdıqları istirahət düşərgəsinin təhlükəli olması barədə xəbər veriblər.
Yağan yağışlar, həmçinin, Gəncə - Toğana - Kəlbəcər avtomobil yolunu da bağlayıb. Yolboyu olan 2 körpü sel nəticəsində dağılıb. Yolun ətrafında torpaq kütləsi yolun bağlanmasına səbəb olub.
Göygol rayonunun Aşıqlı kəndi ərazisində Gəncə - Toğana - Kəlbəcər magistral yolunun 16,6-cı kilometrliyində torpaq sürüşməsinə meyilli sahələrdə sürüşmə prosesi fəallaşıb, - məlumatı çərşənbə axşamı Fövqəladə Hallar Nazirliyi yayıb.
"Nəticədə, qeyd olunan yolun asfalt örtüyündə çökmə və 10-15 m uzunluqda, 20-25 sm enində yeni çatlar əmələ gəlib. Elektrik dirəkləri yerini dəyişmiş və xətlər qırılıb. Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində də torpaq sürüşməsi baş verib. Sürüşmə zonasının eni 10-12 sm, uzunluğu 50 m təşkil edib. Nəticədə, orta məktəb binası qarşısındakı uzunluğu 60, hündürlüyü 3,5 m olan istinad divarında çatlar əmələ gəlib, uçma təhlükəsi yaranıb", - FHN-in məlumatında qeyd olunur.