...

Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin "qara qutu"sunun axtarışı relyef və hava şəraiti ilə əlaqədar çətinləşib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 6 İyul 2011 14:53 (UTC +04:00)
Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin "qara qutu"sunun axtarışı həmçinin hava gəmisinin ciddi şəkildə yanması ilə bağlı çətinləşib.
Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin "qara qutu"sunun axtarışı relyef və hava şəraiti ilə əlaqədar çətinləşib (ƏLAVƏ OLUNUB)

"Qara qutu"nun axtarışı ilə bağlı çətinliklər haqqında şərhlər əlavə olunub (ilk xəbər saat 13:29-da yayılıb)

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Cəfərov/

Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin "qara qutu"sunun axtarışı həmçinin hava gəmisinin ciddi şəkildə yanması ilə bağlı çətinləşib. Bu barədə Trend-ə faciənin baş verdiyi Əfqanıstanın Pərvənd əyalətinin Siyah Gərd şəhərinin başçısı Əbdülhəlim Mücəddədi bildirib.

Bir az əvvəl Kabil şəhər aeroportunun Uçuşların yerinə yetirilməsi şöbəsi rəhbərinin müavini Cavad Vahabzadə Trend-ə bildirmişdi ki, "qara qutu"nun axtarışı ərazinin relyef xüsusiyyətləri və hava şəraiti ilə əlaqədar çətinləşib.

Mücəddədinin sözlərinə görə, təyyarə Aksan kəndi yaxınlığında dağa çırpılıb. Bundan sonra regionda görünən yanğın baş verib.

"Polisin və Pərvənd əyalətinin nümayəndələrindən ibarət istintaq qrupu yaradılıb, hazırda onlar həlak olanların meyitlərini axtarırlar", - o deyib.

Mücəddədi "Taliban"ın təyyarənin onlar tərəfindən vurulması ilə bağlı verdiyi bəyanatı təkzib edib.

İyulun 5-dən iyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin göyərtəsində doqquz nəfər olub. Bir az əvvəl Azərbaycan Mülki Aviasiya Administrasiyasından Trend-ə bildirilib.

Əfqanıstanın Hava Məkanının İdarə Edilməsi Xidmətinin məlumatına görə, iyulun 6-da saat 00:10-da (Bakı vaxtı ilə saat 02:10) Baqram aeroportu yaxınlığında yerə enməli olan "Silk Way"in yük təyyarəsilə ilə əlaqə kəsilir və radarlardan itir. Eyni zamanda, təyyarənin uçuşunu idarə edən dispetçer Kabil aeroportundan təxminən 25 kilometr məsafədə 4 kilometr yüksəlikdə alov gördüyü barədə məlumat verib.

Əlaqə kəsilənədək hava gəmisindən nasazlıq və ya qəza vəziyyəti ilə bağlı hər hansı bir məlumat daxil olmadığından onun havada naməlum obyektlə toqquşduğu ehtimal edilir.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.

"Taliban" hərəkatının nümayəndəsi Zəbibulla Mücahid Əfqanıstan KİV-ə məlumat verib ki, hərəkat Azərbaycanın nəqliyyat təyyarəsinin qəzaya uğramasına görə məsuliyyəti öz üzərinə götürüb. Məlumatı "Fars" agentliyi yayıb.

Çərşənbə günü ISAF-ın rəsmi nümayəndəsi mayor Tim Ceyms Trend-ə bildirib ki, təyyarə beynəlxalq koalisiya qüvvələri (ISAF) ilə müqavilə üzrə işləyib.

Xəbər lenti

Xəbər lenti