...

Bakı şəhər prokurorluğu: Cəzaçəkmə müəssisəsindəki insidentlə bağlı 5 maddə üzrə cinayət işi başlanıb

Hadisə Materials 9 Dekabr 2011 16:43 (UTC +04:00)
Cəzaçəkmə müəssisəsində baş vermiş insidentlə bağlı Cinayət Məcəlləsinin 5 maddəsi ilə cinayət işi başlanıb.
Bakı şəhər prokurorluğu: Cəzaçəkmə müəssisəsindəki insidentlə bağlı 5 maddə üzrə cinayət işi başlanıb

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Cəzaçəkmə müəssisəsində baş vermiş insidentlə bağlı Cinayət Məcəlləsinin 5 maddəsi ilə cinayət işi başlanıb.

Bakı şəhər prokurorluğundan cümə günü Trend-ə verilən məlumata görə, dekabrın 8-də saat 19:45 radələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Məntəqə Tipli Müəssisəsində cəza çəkən və müəssisənin daxili rejim qaydalarını pozduğuna görə cərimə otağında saxlanılan 1988-ci il təvəllüdlü Dadaşov Fərid Cavid oğlu və 1983-cü il təvəllüdlü Fərəcov Faiq Fuad oğlu kanalizasiya xəttinin nasaz olması barədə yalan məlumat verməklə müəssisə rəisinin növbətçi köməkçisi Seymur Məhərrəmov və nəzarətçi Ramiz Əlifovdan onlara köməklik göstərmələrini xahiş ediblər.

Sonuncular otağa daxil olmaq istədikdə Fərid Dadaşov və Faiq Fərəcov əvvəlcədən çarpayıdan sökdükləri dəmir parçalarla onların bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Məhkum Faiq Fərəcov hadisə yerindən qaçıb, Fərid Dadaşov isə müəssisənin əməkdaşları tərəfindən saxlanılaraq yenidən cərimə təcridxanasında saxlanılıb.

Daha sonra məhkum Fərid Dadaşov cərimə otağındakı adyalın sonluğunu cırıb özünü pəncərənin dəmir barmaqlıqlarından asaraq intihar edib.

Faktla bağlı Bakı şəhər prokurorluğu tərəfindən CM-nin özünü öldürmə həddinə çatdırma (125), azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma (304.2.1, 304.2.2, 304.2.3) və cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma (317.3-cü) maddələri ilə cinayət işi başlanılaraq, istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə həvalə edilib.

Hazırda cinayət işi üzrə məhkum Faiq Fərəcovun tutulması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti