...

Bakıda avtomobillə polisi vurub hadisə yerindən qaçan sürücü tutulub

Hadisə Materials 11 İyun 2012 11:05 (UTC +04:00)
Bakıda avtomobillə polis əməkdaşını vurub hadisə yerindən qaçan sürücü cinayət məsuliyyətinə cəlb olunub.
Bakıda avtomobillə polisi vurub hadisə yerindən qaçan sürücü tutulub

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda avtomobillə polis əməkdaşını vurub hadisə yerindən qaçan sürücü cinayət məsuliyyətinə cəlb olunub.

Trend-in Baş Prokurorluğun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 8-də saat 16:40 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yol hərəkəti qaydalarını kobud surətdə pozan "VAZ 2107" markalı 10 MN 839 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1990-cı il təvəllüdlü İsmayılov Hüseyn Rəfayıl oğlu həmin ərazidə xidməti vəzifələrini yerinə yetirən Dövlət Yol Polisi İdarəsinin Yol Polis Xidməti Alayının inspektorları Ədalət Paşayev və Əhliman Səmədovun qanuni tələblərinə tabe olmayıb və yol hərəkəti qaydalarını pozmaqda davam edib.

Polis əməkdaşları sürücünün qanunazidd hərəkətlərinin qarşısını almaq məqsədilə Böyük Şör şosesində xidmət aparan digər YPX əməkdaşlarına xüsusi rabitə vasitəsilə bu barədə məlumat veriblər.

İsmayılov avtomobili daha yüksək surətlə idarə edərək onu saxlamaq üçün yolun kənarında dayanmış YPX-nin əməkdaşı Mehman Kərimovu vuraraq hadisə yerindən qaçıb. Polis əməkdaşı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakta görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), 264 (yol nəqliyyat hadisəsi yerindən qaçma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayılov şübhəli şəxs qismində tutulub.

İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qeyd edilən maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti