...

Bakıda Qaz İstismarı İdarəsi rəisinin faktları gizlətdiyi müəyyən olunub

Hadisə Materials 19 Fevral 2013 17:55 (UTC +04:00)
Nəsimi rayon Qaz İstismarı İdarəsinin rəisi faktları gizlətmək və sənədlərə yalan məlumatlar daxil etməklə dövlətin mənafelərinə zərər vurub.
Bakıda Qaz İstismarı İdarəsi rəisinin faktları gizlətdiyi müəyyən olunub

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İ.İzzət/

Nəsimi rayon Qaz İstismarı İdarəsinin rəisi faktları gizlətmək və sənədlərə yalan məlumatlar daxil etməklə dövlətin mənafelərinə zərər vurub.

Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi rayon Qaz İstismarı İdarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Bakı Apelyasiya Məhkəməsinin təqdimatına Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində baxılıb və toplanmış material üzrə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, Osmanov Yaşar Qiyas oğlu 2006-cı ilin iyul ayından 2009-cu ilin mart ayınadək olan dövr ərzində Nəsimi rayon Qaz İstismarı İdarəsinin rəisi vəzifəsində işləyərkən cəmiyyətin rəhbərliyi qarşısında özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, idarənin xidməti ərazisində fəaliyyət göstərən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna faktiki olaraq 1 yanvar 2008-ci il tarixə 31 min 444 manat məbləğində borcu olmasına baxmayaraq, xidməti ərazidə təbii qaz itkisinin normadan artıq olması faktını gizlətmək, eyni zamanda, çatışmayan təbii qazın dəyərinin institutun hesabından ödənilməsi üçün institutun guya qeyd edilən tarixə 249 min 973 manat məbləğində borcu olması barədə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.

Osmanov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham elan edilib və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilib.

Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən korrupsiya hüquqpozmaları ilə əlaqədar müxtəlif sahələr üzrə 118 cinayət işinin istintaqı davam etdirilir. Həmin cinayət işlərinin nəticəsinə dair ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti