...

Ağdamda məktəb binası uçub

Hadisə Materials 17 Aprel 2013 08:34 (UTC +04:00)
Trend EL TV-yə istinadən xəbər verir ki, Ağdamın Baharlı kəndində məktəb binası uçub. Cabbarbəy İsmayılbəy oğlu Vəlibəyov adına Birinci Baharlı kənd orta məktəbinin binası uçqun nəticəsində yararsız hala düşüb.
Ağdamda məktəb binası uçub

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Trend EL TV-yə istinadən xəbər verir ki, Ağdamın Baharlı kəndində məktəb binası uçub. Cabbarbəy İsmayılbəy oğlu Vəlibəyov adına Birinci Baharlı kənd orta məktəbinin binası uçqun nəticəsində yararsız hala düşüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional İdarəsinin mütəxəssisləri, Ağdam Rayon İcra Hakimiyyəti və Ağdam Rayon Təhsil Şöbəsinin rəhbər işçiləri gəliblər.

Hadisədən sonra məktəbin kollektivi və valideynlərlə görüşən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov bildirib ki, təhsil müəssisəsinin fəaliyyətinin davam etdirilməsi üçün lazımi köməklik göstəriləcək. Tikilinin hansı səbəbdən uçması hələlik məlum olmasa da, müəllim və valideynlərin sözlərinə görə, bina uzun illər təmir edilməyib.

Xoşbəxtlikdən hadisə nəticəsndə xəsarət alan olmayıb. Ancaq məktəblilər böyük həyəcan yaşayıblar. Sakinlərin sözlərinə görə, vaxtilə məktəbin inşa olunduğu ərazi qədim qəbristanlıq olub və adı çəkilən ərazidə torpağın dayanıqlığı əlverişli sayılmır. Elə bu səbəbdən bina zaman keçdikcə müxtəlif yerlərdən çat verib. Digər tərəfdən, istismar müddətinin başa çatması fəsadla nəticələnib.

İndi 160 nəfərə yaxın şagird, onlar üçün yeni məktəb binasının inşa olunacağı günü gözləyir. Rayonun aidiyyatlı qurumlarından verilən şifahi məlumata görə, artıq yeni məktəb binasının tikintisi üçün torpaq sahəsi ayrılıb və digər hüquqi prosedurlar həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti