...

Qasırğa Balakəni işıqsız qoyub (FOTO/VİDEO)

Hadisə Materials 23 İyul 2016 12:03 (UTC +04:00)
Zaqatala və Balakən rayonlarına axşam saat 19:30 radələrində güclü tufanla müşahidə olunan leysan yağış yağıb.
Qasırğa Balakəni işıqsız qoyub (FOTO/VİDEO)

Bakı. Trend:

Zaqatala və Balakən rayonlarına axşam saat 19:30 radələrində güclü tufanla müşahidə olunan leysan yağış yağıb.

Trend Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, tufan əsasən Zaqatala şəhərinə və yuxarı Tala kəndinə ziyan vurub. Şəhərdə müxtəlif yaşayış və inzibati binalara, fərdi evlərə ciddi ziyan dəyib. Rabitə, enerji və qaz xəttləri sıradan çıxıb. Rayonun bəzi hissələrində enerji verilişi dayandırılıb. Fərdi maşınların üzərinə dam örtüyü düşməsi nəticəsində ciddi ziyan dəyib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının nümayəndələri fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görür və dəymiş ziyan hesablanır.

Güclü külək və leysan yağış Balakən rayonunda da ciddi fəsadlar törədib. Qasırğa Balakən Rayon Mərkəzi Xəstəxanasının dam örtüyünün 60 faizini uçurub. Xəstəxananın 3-cü mərtəbəsində yerləşən əməliyyat blokunun avadanlıqlarına leysan nəticəsində ciddi ziyan dəyib.

Qazbinə kənd tam orta məktəbinin idman korpusunun dam örtüyü, 51 saylı Yol İstismar İdarəsinin əsas və köməkçi binalarının dam örtüyü, bir sıra sosial obyektlərin və fərdi yaşayış evlərinin dam örtüyü sıradan çıxıb.

Qasırğa nəticəsində rayonun elektrik və rabitə sisteminə ziyan dəyib, rayonun 70 faizinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Vəziyyətlə əlaqədar rayonda təbii qazın verilişi dayandırılıb.

Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti