...

Bir ildə Azərbaycanda 27 minə yaxın cinayət qeydə alınıb

Hadisə Materials 27 Yanvar 2017 17:00 (UTC +04:00)
Ötən il Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı azalaraq 277-dən 271-ə enib.
Bir ildə Azərbaycanda 27 minə yaxın cinayət qeydə alınıb

Bakı. Samir Əli - Trend:

Ötən il Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı azalaraq 277-dən 271-ə enib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2016-cı ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

Nazir deyib ki, 2016-cı ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26.611 cinayət qeydə alınıb. Onların 94 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 85,4 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14,6 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.

Profilaktik iş sahəsində davam etdirilən tədbirlərlə ötən il cinayətlərin ağır və xüsusilə ağır növləri 2015-ci illə müqayisədə 1,8 faiz, qəsdən adam öldürmə və ona cəhdlər 13,4 faiz, quldurluqlar 21,8 faiz, soyğunçuluqlar 3,8 faiz, odlu silahla törədilən cinayətlər 37 faiz, ictimai yerlərdə baş verən cinayətlər 12,7 faiz, avtonəqliyyat vasitələrinin qaçırılması 17,5 faiz, yol-nəqliyyat hadisələri 9,6 faizi, qəzalarda ölənlərin sayı 15,1 faiz, yaralananların sayı isə 11,6 faiz azalıb. Əhalinin hər 100 min nəfərinə nisbətdə qəsdən sağlamlığa ağır zərər vurmalar 3,6 fakt, soyğunçuluqlar 3,3 fakt, oğurluqlar 73 fakt təşkil etməklə əksər Avropa dövlətləri ilə müqayisədə dəfələrlə azdır.

Qeyd olunub ki, peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılması 3,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 3,6 faiz, onlardan soyğunçuluqların açılması 15,2 faiz, quldurluqların açılması 10,2 faiz, oğurluqların açılması 3,8 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 4,7 faiz yaxşılaşıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlər üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilərək 323 cinayətin açılması təmin edilib.

Nazirliyin “102” xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilən operativ tədbirlər və əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 1.268 cinayətin “isti izlərlə” açıldığı, 9.289 hüquqazidd əməlin qarşısı alınıb.

“Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 481 cinayət açılıb, piyadaların vurulması faktları da daxil olmaqla 14.668 yol-nəqliyyat hadisəsi aşkarlanıb, axtarışda olan 122 avtomobil saxlanılıb. Ümumən, 2015-ci illə müqayisədə hesabat ilində cinayətlərin açılması yaxşılaşaraq 83,2 faiz təşkil edib.

Həmçinin ötən il məhkəmə, istintaq və təhqiqat orqanlarından yayınan 3018 nəfər tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti