...

6 hakim barədə intizam icraatı başlanılıb

Hadisə Materials 13 Aprel 2017 20:44 (UTC +04:00)
Qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə 6 hakim barədə intizam icraatı başlanılıb.
6 hakim barədə intizam icraatı başlanılıb

Bakı. Trend:

Qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə 6 hakim barədə intizam icraatı başlanılıb.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu fikirlər Məhkəmə-Hüquq Şurasının bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə keçirilən iclasında deyilib.

Tədbirdə çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov dünyanı iqtisadi böhran bürüdüyü şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişafının təmin olunduğunu, sosial və iqtisadi layihələrin uğurla icra edildiyini məmnunluqla diqqətə çatdırıb.

İclasda dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı 10 fevral 2017-ci il tarixli Sərəncamının müstəsna əhəmiyyəti qeyd olunub.

İclasda Sərəncamın icrası üzrə tədbirlər müzakirə olunmuş, onun ölkəmizdə insan haqlarının, xüsusilə azadlıq hüququnun təmin edilməsi, habelə məhkəmə, prokurorluq və istintaq orqanlarının fəaliyyətinin yeni tələblər səviyyəsində qurulması üçün «yol xəritəsi» olduğu vurğulanıb. Həbs qətimkan tədbirinin seçilməsinə yanaşmanın köklü surətdə dəyişməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin müstəsna hallarda seçilməsinə nail olunması Sərəncamın əsas məqsədlərindən biri kimi müəyyən edilib.

Bildirilmişdir ki, Ali Məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə təcrübəsi əvvəllər ümumiləşdirilmiş, məsələyə həssaslıqla yanaşılması məhkəmələrə tövsiyə edilib. Bu sahədə kobud pozuntulara görə Məhkəmə-Hüquq Şurası tərəfindən 15 hakim ciddi intizam məsuliyyətinə cəlb edilib, 3 hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilib. Bununla belə köklü dönüş baş verməyib, həbs qətimkan tədbirinin seçilməsinə üstünlük verilməklə, alternativ tədbirlərə lazımi diqqət yetirilməyib.

Həmçinin, Şurada Sərəncamda verilmiş tapşırıqların icrası məqsədilə yaradılmış Ali Məhkəmə, Baş Prokurorluq və Ədliyyə Nazirliyinin birgə işçi qrupunun məlumatı dinlənilib. Cəza siyasətinin humanistləşdirilməsi üzrə cinayət qanunvericiliyinə 200-dən artıq dəyişikliyin edilməsi, o cümlədən iqtisadi sahədə törədilən bir çox cinayətlərin dekriminallaşdırılması, azadlıqdan məhrumetməyə alternativ cəzaların nəzərdə tutulması ilə bağlı, habelə, şərti məhkum etmə və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutlarının, həbsə alternativ olan qətimkan tədbirlərinin daha geniş tətbiqinə imkan verən dəyişikliklərin edilməsi barədə hazırlanmış mühüm qanun layihəsi ətraflı müzakirə edilib.

Ali Məhkəmənin sədri Ramiz Rzayev və digər Şura üzvləri iclasda çıxış edərək Sərəncamın insan haqlarının, xüsusilə azadlıq hüququnun qorunmasında, ədalətli cəza siyasətinin formalaşdırılmasında proqram xarakteri daşıdığını bildiriblər.

İclasda Sərəncamın dürüst icrasının təmin edilməsi məqsədilə hakimlərin və istintaq orqanlarının məsuliyyətinin yüksəldilməsi, yol verilən pozuntulara qarşı barışmaz münasibət göstərilməsi, həbs qətimkan tədbirinin seçilməsi təcrübəsinin mütəmadi təhlil olunaraq ümumiləşdirilməsi, həbs müddətinin uzadılmasına yeni, təsirli nəzarət mexanizmlərinin işlənilməsinin və ədalətli cəza siyasəti formalaşmasının zəruriliyi vurğulanıb.

İclasda həmçinin, qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə 6 hakim barədə intizam icraatı başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti