Bakı. Trend:
13.06.2017-ci il tarixdə saat 23:30 radələrində Yardımlı rayonunun Alar kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan İrana dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Banqladeş Xalq Respublikası vətəndaşları - 1991-ci il təvəllüdlü Amin MD Tacul, 1985-ci il təvəllüdlü Muhammad Bahauddin və onlara bələdçilik edən İran İslam Respublikası vətəndaşı - 1963-cü il təvəllüdlü Həsənli Fateh Həmid oğlu saxlanılıblar.
Dövlət Sərhəd Xidməti Mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, sərhəd pozucularının dövlət sərhədindən keçirilməsinə vasitəçilik edən Azərbaycan vətəndaşı Yardımlı rayonu Arvana kənd sakini Sətiyev Şəhriyar Əvəz oğlu hadisə yerindən qaçmağa müvəffəq olsa da, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. İlkin araşdırma zamanı Banqladeş Xalq Respublikası vətəndaşlarının "Odlar Yurdu" və "Qərb" universitetlərinin tələbələri olması müəyyənləşdirilib.
Məlumatda həmçinin bildirilir ki, həmin tarixdə saat 23:50 radələrində Cəlilabad rayonunun Əsədli kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana dövlət sərhədinin pozulması əlamətləri aşkarlanıb. Fakt üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucusunu qarşılamaq üçün əraziyə gəlmiş Cəlilabad rayonunun Musalı kənd sakinləri Gözəlov Daxil və Şixəli Əhməd oğlu qardaşları, daha sonra isə sərhəd pozucusunun özü, 1980-cı il təvəllüdlü Gözəlova Aynur Əhməd qızı saxlanılaraq istintaqa cəlb olunublar. Araşdırma zamanı sərhəd pozucusunun 2007-ci ildən Türkiyədə məskunlaşması, müvafiq sənədləri olmadığından 2017-ci ilin iyun ayının əvvəllərində vətənə qayıtmaq üçün Türkiyə sərhədini pozaraq İrana, oradan isə Azərbaycana keçməsi müəyyənləşdirilib.
Hər iki fakt üzrə cinayət işi başlanıb və əməliyyat-istintaq tədbirləri davam etdirilir.