...

Təqsirləndirilən şəxs: "Leyla Şıxlinskaya" klinikasında maaşlar qara hesabdan çıxarılırdı

Hadisə Materials 4 Yanvar 2018 11:59 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə saxtakarlığında təqsirləndirilən “Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Təqsirləndirilən şəxs: "Leyla Şıxlinskaya" klinikasında maaşlar qara hesabdan çıxarılırdı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə saxtakarlığında təqsirləndirilən “Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ş.Abbasova sualları cavablandırıb.

O bildirib ki, işdən çıxandan sonra klinikada yoxlama tələb edib: "Biz işdən çıxmaq üçün ərizə yazanda tələb etdik ki, yoxlama aparılsın. Lakin Leyla Şıxlinskaya imkan vermədi. Bir müddət sonra eşitdik ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb. İttihamda bildirilir ki, guya ki, biz sənədi məhv etmişik. Biz sənədləri monsardda saxlayırdıq. Sonra akt tərtib etdilər, oranı boşaldaq. Sənədlərin orada saxlanılması təhlükəliydi. Leyla Şıxlinskaya sonra əmr verdi, biz də sənədləri oradan götürdük".

Təqsirləndirilən şəxs bildirib ki, 2011-ci ildə yoxlama aparılıb: "Mən orada 6 aya yaxın idi çalışırdım. Leyla Şıxlinskaya yoxlama apardı. Hər şey qaydasında idi. Ona görə bizə mükafat da yazıb".

Ş.Abbasovanın sözlərinə görə, L.Şıxlinskaya hər gün ona bir-neçə dəfə zəng edirdi: "Özü ölkədə oldu, olmadı zəng edirdi. İşlərlə maraqlanırdı. Bizdən çox razı idi".

Daha sonra ifadə verən təqsirləndirilən şəxs P.Əliyev bildirib ki, L.Şıxlinskaya hər gün işləri yoxlayıb, klinikada olan pulla maraqlanıb: "Kamerayla baxırdı. Baş tibb bacısına zəng edib, palatalarda nə qədər xəstə olub-olmadığını soruşurdu. Bizə qarşı cinayət işi başlanmazdan 6 ay qabaq yoxlama apardı. Bir qüsur çıxmadı və bizə pul mükafatı verdi".

P.Əliyev qeyd edib ki, klinikada baş mühasibin müavini vəzifəsində çalışıb: "Mənim işim siğorta şirkətləri ilə danışmaq idi. Əmək haqlarını hesablayırdım, vergi hesablayırdım, balans edirdim. Sonradan bu cinayət işi başladı. Mənim adım orada çıxanda çox təəccübləndim. Özüm oradan bir qəpik də yeməmişəm. İttiham aktında baxıram ki, Leyla Şıxlinskaya bildirib ki, mənim 1 milyonumu qaytarmayıblar. İndi vəkili vasitəsi ilə deyirəm ki, biz onun 1 milyonunu yemişik ki, qaytaraq?"

Təqsirləndirilən şəxs bildirib ki, klinikada həkimlər 30 min manata yaxın maaş alırdılar: "Həmin pullar qara hesabdan çıxarılıb verilirdi. Lakin rəsmi maaş az göstərilirdi. Bunların hamısı Leyla Şıxlinskayanın tapşırığı əsasında olub. Bizdə rəhbərlik tapşırıq verirdi. Yerinə yetirməliydik, çünki oradan çörək yeyirdik. Leyla Şıxlinskayanın qanunsuz əməllərinə görə, işdən çıxdım. Bundan əvvəl 2 dəfə ərizə yazmışdım, Leyla xanım cırıb atmışdı. Klinikada 6 ay dözə bildim. Sonra özün çıxdım. Bir müddət sonra da barəmdə cinayət işi başlandı".

Digər təqsdirləndirilən S.Qasımovanın sözlərinə görə, qəbul olunan pulları Kaysa Nadejdaya verib: “Hamısı çekləri ilə qəbul edilərək Nadejdaya vermişik. Biz heç vaxt nə Polad, nə də Şəhla xanımla işləmirdik. Pullar ya Nadejdaya, ya da Günel Abbasovaya verilirdi. Onların heç biri təqsirləndirilən şəxs deyil”.

Təqsirləndirilən A.Hüseynova da pulları K.Nadejdaya verdiyini deyib: “Rəsmi maaşım 125 manat idi. Lakin paket alırdıq. Onunla birlikdə 500 manat əmək haqqı alırdıq. Paketi də bir başa Kaysa Nadejdadan almışam. Bizim Şəhla xanımla işimiz yox idi. 2003-cü ildən 2013-cü ilə qədər klinikada çalışmışıq. Yoxlamalar olurdu. Lakin heç vaxt problem olmurdu”.

Təqsirləndirilən şəxs M.Hüsiyeva isə ifadəsində deyib ki, hazırda klinikada çalışır: “İndi də həmin sistemlə işləyirik. Lakin proqram dəyişikliyi olub. Xəstələr pul ödəyən kimi qəbzlər çıxarılırdı. İki nüsxədə olurdu. Biri xəstədə, biri də bizdə qalırdı”.

Məhəkəmə prosesi yanvarın 11-də davam etdiriləcək.

İttihama görə, “Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Ş.Abbasova, mühasib S.Əfəndiyeva, klinikanın əməkdaşları P.Əliyev, S.Qasımova, A.Hüseynova, M.Hüsiyeva, Y.Abdullayeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndiriliblər. Cinayət işi Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Xatırladaq ki, “Leyla Şıxlinskaya” klinikasının keçmiş baş mühasibi Ş.Abbasova 4 il əvvəl L.Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb. L.Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərinin 804 min 343 manat vəsaiti ələ keçirməkdə ittiham edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti