...

Şahid: Leyla Şıxlinskaya Klinikasında vergidən yayınmış sənədlər audit gələndə məhv edilib

Hadisə Materials 11 Yanvar 2018 16:46 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə saxtakarlığında təqsirləndirilən “Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Şahid: Leyla Şıxlinskaya Klinikasında vergidən yayınmış sənədlər audit gələndə məhv edilib

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə saxtakarlığında təqsirləndirilən “Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Bəxtiyar Musayev klinikada baş həkim, cərrah işlədiyini, klinikanın sahibi Leyla Şıxliniskaya ilə münasibətlərinin normal olduğunu bildirib. B.Musayev işdən çıxmaq üçün ərizə yazdığını söyləyib.

B.Musayev adına maaş kartı olduğunu təsdiqləsə də, aylıq nə qədər maaş aldığını açıqlamayıb: "Aylıq maaşdan əlavə əməliyyatlardan, xəstələrin müayinəsi üçün klinikaya edilən ödənişlərdən də qazanc əldə edirdim. Klinikaya gətirilən xəstələrin ödəniş edilmədən əməliyyat edilib-edilməməsi ilə bağlı suala isə cavab vermək istəmirəm. Çünkü bu mənim səlahiyyətimə aid deyil və maraqlanmıram. Elə xəstə olub ki, 20 min xəstəxanaya borcu qalıb. Nə etmək olardı? Elə xəstə olub ki, əməliyyat edilib, amma pul almamışam. Bilmirəm həmin pulu ödəyiblər, ya yox. Mənim klinikadan indi də 11 min manat alacağım var".

Daha sonra şahid qismində Gülarə Bağırova dindirilib. Bildirib ki, paralel olaraq 5 saylı doğum evində işləyib. O qeyd edib ki, klinikada doğuş əməliyyatlarına görə pul alıb. Amma rəsmi maaşı olmayıb və orada müqavilə əsasında işləyib.

G.Bağırova hazırda kartla da onlara maaş verildiyini deyib və doğuşdan 50 faizə qədər ödəniş aldıqlarını söyləyib. O, doğuş əməliyyatlarının qiymətinin əvvəllər 1250-1650 manat arasında dəyişdiyini qeyd edib: "Son aylarda ödənişlər 1000 manata qədər azalıb".

Prosesdə ifadə verən şahid GünelAbbasova baş mühasib Ş.Abbasovanın göstərişi ilə bəzi sənədlərin məhv edildiyini deyib: "Həmin sənədlər "qara" sənədlər idi. Şəhla Abbasova dedi ki, dövlət vergisindən yayınmış sənədlərdir. Həmin sənədlər audit gələndə məhv edilib".

Məhkəmənin növbəti iclası yanvarın 19-na təyin edilib.

İttihama görə, “Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Ş.Abbasova, mühasib S.Əfəndiyeva, klinikanın əməkdaşları P.Əliyev, S.Qasımova, A.Hüseynova, M.Hüsiyeva, Y.Abdullayeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndiriliblər. Cinayət işi Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Xatırladaq ki, “Leyla Şıxlinskaya” klinikasının keçmiş baş mühasibi Ş.Abbasova 4 il əvvəl L.Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb. L.Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərini 804 min 343 manat vəsaiti ələ keçirməkdə ittiham edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti