...

Rüşvət və vəzifə saxtakarlığında təqsirləndirilən məmurun məhkəməsi başladı

Hadisə Materials 23 Yanvar 2019 18:07 (UTC +04:00)
İcra nümayəndəsi vəzifəsində çalışmış Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
Rüşvət və vəzifə saxtakarlığında təqsirləndirilən məmurun məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq, vəzifə saxtakarlığı və rüşvət verməkdə təqsirləndirilən Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

A.Osmanov bildirib ki, hadisədə heç bir günahı yoxdur: "13 il Şəhriyar qəsəbəsində işləmişəm. Heç nəyi saxtalaşdırmamışam".

A.Osmanov qeyd edib ki, bu cinayət işini həmyerlisi Malikcan Muradov etdirib: "Çünkü onun mənə qarşı pirinsipi var idi. Ona görə ki, həmin adam bir neçə il əvvəl Şamaxıda təxribatla bağlı çıxış edirdi. Mən də onun başını yarmışdım. Hələ 2013-cü ildə də təxribatlarla məşğul olurdu. Bu barədə dövlət orqanlarına da məlumat vermişdim. Sonra Məlikcan mənim haqqımda bu işə əl atıb, həbs etdirdi".

A.Osmanovun sözlərinə görə, M.Muradov ölkədən qaçıb, barəsində cinayət işi başlanılıb və hazırda axtarışdadır: "Bildiyim qədəri ilə Məlikcan hazırda Qazaxıstanda yaşayır".

Təqsirləndirilən şəxs sonda barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib.

Qeyd edək ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış A.Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Zərərçəkmiş qismində 3 nəfər - Rean Bulut qızı Balatova, Gülqız Bədəl qızı Həmidova və Əmir Sehrab oğlu Bəkirov tanınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti